İranın dini liderindən "Tom və Cerri" bənzətməsi

24 May, 2018 09:50 | Siyasət | Baxış sayı: 115
Ayətullah Əli Xamaneyi
Ayətullah Əli Xamaneyi

Xamaneyi şərtlərini dedi, əks halda...

İran nüvə sazişinə davam etmək üçün öz şərtlərini açıqladı. İstiPress-in məlumatına görə, İranın ali dini lideri Əli Xamaneyi paytaxt Tehranda hərbi və siyasi liderləri qəbul edib. 

Onun sözlərinə görə, ABŞ İrana qarşı dərin düşmənlik hissləri bəsləyir, ancaq inqilabdan bu yana Amerikanın rejimə qarşı bütün təzyiqləri uğursuzluğa düçar olub.

"Bu yeni bir şey deyil. İnqilabdan bu yana bütün tələlərinin məqsədi ancaq rejimi devirməkdir. Amma onlar "Tom və Cerri"dəki məşhur pişik kimi uğursuzluğa düçar oldular. İran beynəlxlaq razılaşmanı belə asanlıqla pozan dövlətlə əlaqə qura bilməz".

O, Trampın da özündən əvvəlki prezidentlər Corc Buşa, Reyqan və başqaları kimi eyni taleyi paylaşacağını, tarixdə yox olacağını deyib.

İranın dini lideri nüvə razılaşmasına imza atan Avropa ölkələrini də həssas məsələlərdə ABŞ-la ortaq hərəkət etməkdə ittiham edib. O, razılşamnın davamı üçün şərtlərini elan edib: "İranın Yaxın Şərqdəki fəaliyyəti və ballistik raket proqramının sorğulanmaması, müqaviləni pozan ABŞ-a qarşı addım atılması, ABŞ-ın İrana qarşı sanksiyalarına mane olmaq, İranın neft ixracı və Avropa bankları ilə əlaqəsi ilə bağlı zəmanətin verilməsi". 

Xamaneyinin sözlərinə görə, əgər Avropa bu şərtləri təmin edə bilməsə İran nüvə fəaliyyətinə yenidən başlamaq haqqına sahibdir.