Sarkisyanın Rusiyaya etdiyi üç böyük xəyanət

24 Aprel, 2018 19:55 | Siyasət | Baxış sayı: 1088
Serj Sarkisyan və Vladimir Putin
Serj Sarkisyan və Vladimir Putin

Erməni lider buna görə hakimiyyətdən salınıb

"Pravda" qəzeti Serj Sarkisyanın Ermənistanın ən yaxın müttəfiqi olan Rusiyaya etdiyi üç böyük xəyanəti sadalayıb.

İstiPress-in məlumatına görə, İrəvan Geosiyasət Klubunun rəhbəri Arman Boşyan qəzetə müsahibə verərək “Sarkisyan Ermənistanı necə satdı və bundan nə alındı" başlıqlı məqalədə keçmiş prezident və üç günlük baş nazir olmuş Serj Sarkisyanın günahlarını sadalayıb.

Onun fikrincə, Serj Sarkisyan hökuməti Ermənistan tarixinin ən qərbyönümlü hökumətidir: “O, keçən il İstanbul konvensiyasını imzalayıb ki, bu milli mədəniyyətdən tam imtinanı, yuvenal hüququn tətbiqini və gey-paradlara icazəni nəzərdə tutur. Bolqarıstan və Macarıstan Avropa Birliyinin üzvü ola-ola imzalamadağı sənədi Ermənistan imzalayıb”.

Boşyanın fikrincə, Serj Sarkisyanın ikinci böyük günahı Avropa Birliyi ilə hərtərəfli və dolğun sazişin imzalanmasıdır ki, bu, hətta parlamentdə ratifikasiya olunub: “Poroşenkonun Maydandan sonra elədiklərini bu, heç bir maydan olmadan, xaincəsinə həyata keçirib”.

Erməni politoloqun sözlərinə görə, Serj Sarkisyanın Rusiyaya üçüncü xəyanəti Avropa Birliyinin məsləhəti ilə parlament  idarəçiliyinə keçməsi və Britaniya vətəndaşını Ermənistana prezident eləməsidir: “Onun möhtərəm icazəsi olmadan bizdə bir dənə də nazir təyin etmək mümkün deyil. Bizim oliqarxlar, bizim oğrular pullarını Moskva banklarında deyil, qərb banklarında saxlayırlar”.

Armen Sarkisyan və Nikol Paşinyan nümayişçilər arasında görüşür
Armen Sarkisyan və Nikol Paşinyan nümayişçilər arasında görüşür

Arman Boşyanın fikrincə, Rusiya ilə Qərb arasında qlobal müharibə gedən bir zamanda Sarkisyanın bu addımları  Rusiyaya böyük xəyanətdir. Həm Boşyan, həm də Rusiyanın “Komsomolskaya Pravda” qəzeti buna görə Nikol Paşiyanın hakimiyyətə gəlməsinə tərəfdan deyillər. “KP” bununla bağlı dərc etdiyi  məqalədə Paşinyanın Ermənistanı Avrasiya İttifaqından çıxarmaq niyyətində olduğunu bildirib.

RBK da bu mənada Ermənistanın Rusiya üçün çox önəmli olduğunu yazır. Agentliyin məqaləsinə görə, Rusiya Ermənistana 4 milyard dollara qədər sərmayə qoyub ki. bu, ölkəyə yatırılan xarici sərmayənin 40 faizi deməkdir. Ermənistanda 1300 Rusiya şirkəti çalışır, Razdan İES, həmçinin ölkənin elektrik paylama şəbəkəsi Rusiyaya məxsusdur. Təbii ki, Rusiya bu sərmayələrini qorumaq üçün qəti addımlar atmalı idi və Serj Sarkisyanı yola saldı. Lakin mitinqlərin əsas aktyoru Nikol Paşinyanın da hakimiyyətə gəlməsinə imkan verməyəcək. Böyük ehtimalla hakimiyyətə Rusiyaya sadiq üçüncü şəxs gələcək ki, bu, indi baş nazir vəzifəsini tutan Karen Karapetyan da ola bilər.