Prezident Nazim İbrahimovu niyə işdən çıxardı?

24 Aprel, 2018 15:15 | Siyasət | Baxış sayı: 393
Nazim İbrahimov
Nazim İbrahimov

"Dövlətin ayırdığı pul öz ünvanına çatmayıb”

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

İstiPress-in “report”a istinadla verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

O xatırladıb ki, Prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: “Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”.

Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.