BMT TŞ-da Qarabağ müzakirəsi: layihə niyə geri götürüldü?

23 Oktyabr, 2020 17:23 | Siyasət | Baxış sayı: 218
BMT-nin bayrağı
BMT-nin bayrağı

İyirmi beş illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabr tarixlərində müzakirələr keçirilib.

İstiPress-in məlumatına görə, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqlamasında bu müzakirələr barədə məlumat verib.

Prezidentin köməkçisi deyib: “Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olunmasına baxmayaraq, BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilib.

BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.

Oktyabrın 19-da BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra Təhlükəsizlik Şurasının sədri adından bəyanat layihəsi hazırlanıb. Bəyanat layihəsində BMT TŞ-nin məlum qətnamələrinə istinad öz əksini tapmayıb. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanıb.

BMT TŞ-nin qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının (QH) üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ-nin qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr ediblər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nin qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nin sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdiriblər.

Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülüb.

Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edir. Bildirir ki, Qoşulmama Hərəkatının Sədri kimi 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi, bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcək.

Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır”.