Bölgə jurnalistlərinə Mətbuat Günü sürprizi

23 İyul, 2019 17:34 | Siyasət | Baxış sayı: 129

IstiPress-in adından edilən Zərdabi təklifi

Mətbuat günündə Qubanın icra başçısı Ziyəddin Əliyev yerli və bölgədə yaşayan mətbuat nümayəndələrinə əməlli-başlı sürpriz edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, özünün qəbul otağına 30-dan çox qəzet, sayt, televiziya əməkdaşını toplayan rayon rəhbəri əvvəlcə onların hər birilə ayrı-ayrılıqda görüşərək salamlaşıb.

Mətbuatın gündəlik həyatımıza önəmli təsirindən danışan Ziyəddin Əliyev jurnalistləri gördüklərini olduğu kimi işıqlandırmağı tövsiyyə edib: "Mən demirəm tənqidi heç nə yazmayıb. Yazın, olduğu kimi. Yalan və şantaj yazmayın. Olduğu kimi yazın ki, mən görmədiyim hansısa nöqsanı sizin yazdıqlarınızdan öyrənim və aradan qaldırım".

Ziyəddin Əliyev rayonda gedən abadlıq-quruculuq və tikinti işləri barədə geniş açıqlama verərək qurumun ictimaiyyətdən heç bir məxfi işi olmadığını, jurnalistlərlə həmişə ünsiyyətdə olmağa  hazır olduğunu deyib.

Sonra mətbuat işçilərinin təklifləri dinlənilib. IstiPress-in adından danışan Aytəkin Alxaslı böyük maarifpərvər və mütəfəkkir Həsənbəy Zərdabinin 1868-ci ildə Qubada məhkəmə katibi işlədiyini diqqətə çatdırıb və xatirəsinin əbədiləşdirilməsini təklif edib: "Qubada Zərdabi qəsəbəsi Həsən bəyin xatirəsinə belə adlandırılıb. Sovet dövründə onun qəsəbədə gildən büstü olub, 90-cı illərdə bu büst dağıdılıb. Yaxşı olardı ki, Zərdabi qəsəbəsində H.Zərdabinin xatirəsini əbədiləşdirmək üçün xatirə kompleksi salınsın".

Quba İH başçısı Ziyəddin Əliyev təklifi bəyənib və Milli Mətbuatın 145-ci ildönümünün məhz Zərdabi qəsəbəsində yeni inşa olunacaq xatirə kompleksinin yanında keçiriləcəyini elan edib.