General Ermənistanla sərhəddə

23 İyun, 2020 17:32 | Siyasət | Baxış sayı: 86

2020-ci ilin 22-23 iyun tarixlərində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrində xidməti-döyüş fəaliyyətinin təşkilini yoxlayıb.

İstiPress-ə DSX-nın Mətbuat Mərkəzindən verlən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən tapşırıqların icra vəziyyəti öyrənilib, təmas xəttində döyüş mövqelərində xidmətdə olan sərhədçilərlə görüşülüb, xidməti və yaşayış şəraitlərinə, yeni yaradılmış döyüş mövqelərinə və məntəqələrinə, yeni salınan yollara və qoruyucu sədlərə baxış keçirilib.

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti-döyüş fəaliyyətinin təşkili, zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun təkmilləşdirilməsi, hərbi hissələrin və qarnizonların tikintisi üzrə görülən işlər nəzərdən keçirilib, döyüş hazırlığının yüksəldilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri göstərişlər verilib.