Rusiya ilə bağlı gözlənilməz addım

23 Mart, 2018 08:50 | Siyasət | Baxış sayı: 191
Markus Ederer
Markus Ederer

Avropa Birliyi səfirini geri çağırdı

Avropa Birliyi Rusiyadakı səfirini geri çağırmağa qərar verib. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu İsveçin Baş naziri Stefan Leven deyib. O,  Brüselldə keçirilən AB liderlərinin görüşündən sonra bu qərara gəlindiyini qeyd edib.

Səfir Markus Edereranı geri çağırmaq qərarı keçmiş hərbi kəşfiyyatçı, polkovnik Sergey Skripal və onun qızının İngiltərənin Solsberi şəhərində zəhərlənməsi ilə bağlıdır. 

Baş nazirin sözlərinə görə, AB səfirini Rusiyadan geri çağırmaq qərarı Böyük Britaniyaya siyası dəstək məqsədi ilə atılıb. 

Xatırladaq ki, kəşfiyyatçı və qızı mart ayının 4-də evlərində huşsuz vəziyyətdə tapılıblar. Rəsmi Londonun iddiasına görə, Skripal və qızı keçmiş Sovet dönəmindəki "Noviçok" (Yeni) proqramı çərçivəsində hazırlanan maddə ilə zəhərləniblər. 

Britaniya hökuməti bu hadisədən sonra 23 rusiyalı deputatın ölkədən çıxarılması, eləcə də Rusiya ilə münasibətləri bəzi sahələrdə dondurmaq barədə qərar qəbul edib. Bənzər addımı Moskva da atıb və britaniyalı deputatlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verib. Bundan başqa qarşı tərəfin Sankt Peterburqda konsulluq açmaq təklifi də rədd edilib.