Paşinayan torpaqları ABŞ-ın əli ilə vermək istəyir

22 Oktyabr, 2018 17:21 | Siyasət | Baxış sayı: 1320
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpaqlarında
Nikol Paşinyan işğal edilmiş Azərbaycan torpaqlarında

Rusiya nəinki Ermənistanı, hətta Cənubi Qafqazı tərk etmiş olacaq

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan Rusiya, xüsusilə də Putinlə etibarlı münasibətləri olsa da, KİV-lər onun ölkədə rıçaqları ABŞ-a vermək niyyəti faktlarla açmağa çalışırlar.

İstiPress-in məlumatına görə, bəzi erməni KİV-ləri Paşiyanın jurnalistlərlə söhbəti zamanı Putinlə səmimi münasibətləri olduğu barədə danışmasını heyrət içində dərc edirlər.

“Mən şadam ki, bizim münasibətlərdə, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə münasibətlərimizdə qarşılıqlı etibar atmosferi yaranıb”,- deyə “Sputnik” Paşinyanın sözlərini dərc edib.

Lakin erməni KİV-lərindən belə görünür ki, jurnalistlər və şərhçilər Paşinyanın bu cür açıqlamalarını ciddi saymırlar. Məsələn, “Noravank” fondunun eksperti Karen Veranyan əsas diqqəti Putinin Ermənistana səfərini təxirə salmasının üzərinə yönəldib: “Öncədən Rusiya prezidentinin uyğun olaraq Azərbaycana və Ermənistana səfərinin planlaşdırıldığını nəzərə alaraq, bildirmək olar ki, Qarabağ münaqişəsi və indi gedən danışıqlar müzakirə olunmalı idi. Bu baxımdan  Putinin Ermənistana səfərinin təxirə salınması erməni tərəfi üçün xoş bir ismarış deyil”,- deyə Veranyan vurğulayıb.

Erməni KİV-lərinin yazdığından belə görünür ki, Paşiyanın Rusiya barədə bu cür açıqlamaları Moskva ilə arada yaranmış problemləri ört-basdır istəyindən başqa bir şey deyil. “Lragir”in şərhçisi Naira Ayrumyan son zamanlar Rusiya ilə ABŞ arasında Ermənitstana Qarabağ tövsiyyələri üzərində gedən diplomatik savaşı yada salaraq Ermənistanda ABŞ-ın xeyrinə gizli addımlar atıldığını vurğulayır.     

Ermənistanın 27 metallurgiya yatağının Rusiya şirkətləri tərəfindən işlədildiyini bildirən Ayrumyan qərb sərmayəsi ilə işlədilən tək yataq Amulsara qarşı Sarkisyanın dövründə aparılan siyasəti xatırlatmışdı. Həmin vaxt Ermənistanın bütün rəsmi və qeyri-rəsmi ekologiya qurumları Amulsarın işinin dayandırılmasını tələb edirdilər. ABŞ-ın Ermənistanda fəaliyyəitini başa çatdırmış səfiri Riçard Mils də öz məşhur açıqlamasında Amulsarı misal gətirərək rus şirkətlərinə qarşı heç bir tələb qoyulmadığını xatırlatmışdı. Buna cavab olaraq Ermənistan baş nazirinin müavini Tiqran Avinyan çıxış edərək Amulsarda işlərin davam etməsinin vacibliyini vurğulamışdı.

Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli  əslində NATO-nun yox, Rusiyanın variantıdır
Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə həlli əslində NATO-nun yox, Rusiyanın variantıdır

Əslində, Riçard Millsin rəsmi İrəvana Qarabağ münaqişəsinin həllində  “torpaq əvəzində sülh” tövsiyyəsi də vardı və Naira Ayrumyan əslində sətiraltı ifadələrlə  Paşinyan hökumətinin dekabrda seçkini qazandıqdan sonra bu yolla gedəəcyinə işarə vurur. Mills bu variantda əslində Dağlıq Qarabağ ətrafı rayonları qaytarmaqla regionda sülhün təminini, Ermənistanla dəmir yolu əlaqəsinin bərpasının və s. nəzərdə tutur. Münaqişənin Rusiyanın moderatorluğu ilə həlli təxminən buna oxşardır, sadəcə Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutur.

Azərbaycan hər iki variantda itirilmiş ərazinin bir hissəsinin əldə edir, qalan hissənin - Dağlıq Qarabağın taleyi isə qeyri-müəyyən olaraq qalır. Təbii ki, bu, münaqişəni həll etmiş üçüncü ölkənin daima Azərbaycanı təsir altında saxlaması üçün şərait yaradır. Rusiya variantında ABŞ oyundan kənar qalır və Mills Paşiyana tövsiyyə ilə bunu etməməyi məsləhət görür. Millsin dediyi kimi etdikdə isə Rusiya nəinki Ermənistanı, hətta Cənubi Qafqazı tərk etmiş olacaq.  Buna görə, Rusiya çətin ki, Paşinyanın belə asanlıqla baş nazir seçilməsinə icazə versin. Yəni Ermənistanın dekabrı çox qızmar olacaq.