Milli Mətbuat 144 yaşında

22 İyul, 2019 08:50 | Siyasət | Baxış sayı: 82
Mətbuat günü
Mətbuat günü

Hörmətli həmkarlar, Bayramınız mübarək

Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.  144 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Ölkədə ilk mətbu orqanın nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. 

Bu gün Azərbaycanda yüzlərlə mətbu orqan - qəzet, jurnallar fəaliyyət göstərir. Azərbaycan jurnalistikası ermənilərin Qarabağda törətdiyi vəhşiliklərin bütün dünyaya çatdırılmasında böyük rol oynayıb. Bunda ANS telekanalının da rolu da əvəzsiz olub. Bu kanal jurnalistlərinin Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə cəbhədə erməni işğalçıları na qarşı savaşdıqları yeganə telekanal idi. ANS-in işini dahi azərbaycanalı, ümummilli lider Heydər Əliyev də daima yüksək qiymətləndirib.

Şirkət əməkdaşlarının hazırladıqları materiallar demək olar ki, Avropa və ABŞ-ın bütün kanallarında nümayiş edilib. Peşəkarlıq və cəsarət nümayişi üçün yaxşı rəylər də alırdılar. Qərb jurnalistləri dəfələrlə azərbaycanlı həmkarlarına istinadlar ediblər. Təəssüf ki, bütün bunlar keçmişdə qaldı. ANS sevməyən məmurlar kanalı yayım lisenziyasından məhrum etməyin yolunu tapdılar. Onlar şirkəti terrorçularla əməkdaşlıqda ittiham etdilər. Hansılarla olduğunu isə dəqiqləşdirmədilər.

Azərbaycanın rayondan başlayaraq Aliyə kimi bütün məhkəmələri də bu sübutsuz motivləri təsdiqlədi. Ancaq 2 il 7 ay sonra Baş prokurorluq bu işin bütün aspektlərini dəqiq araşdırdıqdan sonra kanalın günahsız olduğunu dedi. Ziddiyyət yarandı – məmurlar günahkar olduğunu deyir, prokurorluq isə qanunlara əsaslanaraq günahsızlığı vurğulayır. 

Bunun üçün də ANS-in keçmiş əməkdaşlaı, jurnalistlər ümid edir ki, prezident İlham Əliyev bu məsələyə yenidən qayıdacaq. Birincisi, hesab edirik ki, bu ANS sevənlər, hörmət edənlər üçün böyük hədiyyə olacaq. Həm də ön cəbhədə əlində kamerası ilə şəhid olan Milli Qəhrəman, qorxmaz, vətənpərvər jurnalist Çingiz Mustafayevin 60 illiyi yaxınlaşır. Əgər ANS-ə yenidən yayım lisenziyası qaytarılarsa bu, nəinki ancaq Milli Qəhrəmanın, eləcə də Qarabağda Azərbaycanın şərəfi, bütövlüyü uğrunda həyatlarını verən bütün azərbaycanlı jurnalistlərin xatirəsinə özünəməxsus abidə olardı. Biz buna çox inanırıq və ümid edirik...