Qədim şəhər Qafqazın ən qədim rəqslərini qarşıladı

22 İyun, 2019 15:32 | Siyasət | Baxış sayı: 190

"Alovlu Qafqaz"ın növbəti rəqsi

Qədim Quba Qafqaz xalqlarını musiqi dili ilə birləşdirən maraqlı bir tədbirə ev sahibliyi edib.

İstiPress-in şimal bürosunun məlumatına görə, "Alovlu Qafqaz" adlanan 3-cü Uşaq-Gənclərin Folklor Rəqs və Yaradıcılıq Festivalının bir konserti Qubada keçirilib. Quba şəhərindəki "Yaşıl teatr"da baş tutan konsertdə Gürcüstandan 5, Rusiya Federasiyasının Şimali Osetiya, Dağıstan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəz respublikalarından 6 rəqs qrupu iştirak edib. Azərbaycandan isə Xaçmaz, Şabran, Ucar, Qazax, Quba, İsmayıllı, Goranboy və Lənkəran rayonlarından 12 rəqs qrupu festivalda öz məharətlərini göstərib.

Təhsil Nazirliyinin və Quba şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan rəqs yarışmasında çıxış edən Quba İH bsşçısı Ziyəddin Əliyev iştirakçılara uğurlar arzulayaraq bildirib ki, Qafqaz xalqları arasında mehriban dostluq və qardaşlığın rəmzi olan bu festivalın əhəmiyyəti böyükdür. Musiqinin, incəsənətin, rəqsin rolu xalqları birləşdirmə baxımından çox böyükdür.

Qafqaz xalqları arasında dostluğun mövcud olması çox vacibdir - deyən icra başçısı Ziyəddin Əliyev Qafqazda bədnam qonşumuz Ermənistanın Azərbaycana qarşı apardığı məkrli siyasət və düşmənçiliyin hələ də davam etməsinə öz təəssüfünü bildirib.

"Alovlu Qafqaz"ın Quba gününə ümumilikdə 700-dən çox uşaq və gənc qatılıb. Şıdırğı, Qafqaz xalqlarına məxsus çılğın, alovlu rəqslər tamaşaçıların ürəyincə olub.