Novruz Məmmədov: Azərbaycan Qərblə əməkdaşlıq yolunu seçdi

22 İyun, 2018 12:07 | Siyasət | Baxış sayı: 105
Novruz Məmmədov
Novruz Məmmədov

Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib.

İstiPress-in məlumatına görə, bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Azərbaycan dünyanın ən mürəkkəb, mühüm regionunda, Şərqlə Qərbin, xristian və müsəlman aləminin qovuşduğu məkanda yerləşir: "Azərbaycan iqtisadi və insan resursları baxımından zəngin ölkədir. Bura Balkanlardan sonra dünyanın ən həssas regionudur. Mən Yaxın Şərqi bura daxil etmirəm. Azərbaycan Qərbə, Avropaya daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçdi. Azərbaycan bu günə qədər mövqeyini dəyişməyib. Bu istiqamətdə də çox böyük layihələr icra edib. Azərbaycan İpək Yolunun bərpasında rol oynayır, Bakı ilə Avropanı dəmir yolu ilə birləşdirir".

Qeyd edək ki, CAMCA Regional Forumu ABŞ-ın Ramsfeld Fondu tərəfindən hər ilin yaz və payız fəsli elan edilən Mərkəzi Asiya-Qafqaz təqaüd proqramının məzunları üçün şəbəkələşmə məqsədi daşıyır. Təqaüd bölgə dövlətlərindən bir qrup gənc peşəkar liderlərə ayrılaraq onları altı həftə ərzində ABŞ paytaxtı Vaşinqtonda keçirilən tədqiqat proqramına dəvət edir. Proqram iştirakçıları burada Amerikanın hökumət, qeyri-hökumət və biznes dairələrinin aparıcı nümayəndələri ilə görüşlər keçirərək Mərkəzi Asiya və Qafqaz bölgəsi barədə məlumatı və fikir mübadiləsini qarşılıqlı şəkildə genişləndirir. Proqramın nəticəsi kimi, iştirakçılar birgə layihə üzərində çalışırlar. 2008-ci ildən etibarən təqaüd proqramında Azərbaycandan 17 nəfər iştirak edib.