Azərbaycan Paşinyanın təyyarəsini vurdu

22 İyun, 2018 17:50 | Siyasət | Baxış sayı: 14484
Suriyada vurulmuş Su-24 qırıcısı
Suriyada vurulmuş Su-24 qırıcısı

Erməni KİV-ləri ciddi məyusluq içindədir

Erməni mətbuatı yeni baş nazir Nikol Paşiyanın Rusiyadan Su-30SM qırıcıları almaq niyyətini qeyri-ciddi sayıb.

İstiPress-in məlumatına görə, müxtəlif mətbu orqanları xəbərə fərqlim yanaşıblar. Məsələn, inqilab günlərində Paşinyanı dəstəkləmiş  “1in.am” portalı buna Azərbaycanın 2018-ci il büdcəsində hərbi xərclər üçün ayırdığı vəsaitləri artırması fonunda baxıb:

“Azərbaycan hərbi xərcləri 6,1% artıraraq 1,7 milyard dollardan çox etməyi planlaşdırır. Bu rəqəm Ermənistanın hərbi xərcləri ilə yox bütöv büdcəsi ilə müqayisə edilə bilər”.

Nikol Paşinyan Su-30-da
Nikol Paşinyan Su-30-da

Erməni jurnalist nəyə işarə etdiyini çox yaxşı bilir.  Rusiya Su-30 və Su-35 təyyarələrinin dünya bazarında 30-50 milyon dollardan satır. İrəvan ən ucuzunu 30 milyon dollardan alsa belə, 10 dənə təyyarə üçün ən azı 300 milyon dollar ödəməlidir. Ermənistanın hərbi büdəsinin bu il 500 milyon dollar təşkil etdiyi və bunun da 200 milyon dolları Rusiya kredit iolduğu nəzərə alınarsa, yerdə cəmi 300 milyon dollar vəsait qalır ki, bu da erməni ordusunun cari xərclərini güc-bəla ilə görür.  Göründüyü kimi, Azərbaycanın müdafiə xərclərini artırmaq qərarı yerinə düşüb və Paşinyanın piar məqsədi ilə gündəmə gətirdiyi təyyarə variantı yerində vurulub.

Təbii ki, Rusiya müəyyən alçaldıcı şərtlər daxilində, məsələn, təhsil və tibb sahəsində siyasəti də Moskvaya tabe etdirərək (hərbi və diplomatik sahələr artıq Moskvadan idarə olunur), yaxud Rusiya ilə vahid valyuta zonasına girməyi tələb edərək həmin təyyarələri verə bilər. Çünki hələ 2014-cü ildə Rusiya əlində 1 milyard dollarlıq köhnə  Su-30 təyyarələrinin olduğunu bildirib və satmağa yer axtarır.

Naira Ayrumyan - erməni şərhçi
Naira Ayrumyan - erməni şərhçi

Erməni şərhçi Naira Ayrumyan “Lragir”də Paşinyanın pilotluğu ilə bağlı yazdığı məqalə Ermənistana məhz həmin xlamların veriləcəyini bildirib və bunun məhz Qarabağ münaqişəsindən qaynaqlandığını vurğulayıb. “Rusiya Ermənistana və Azərbaycana öz qırıcılarını təklif etməyi qərara alıb. Bizə köhnə Su-30-ları, Azərbaycana - yeni Su-35-ləri”.

Qarabağda doğulmuş və böyümüş, hazırda İrəvanda yaşayan şərhçi üstörtülü də olsa başa salmağa çalışır ki, bu silahlanma yarışında Ermənistan istər-istəməz geridə qalacaq. Nə iqtisadi, nə də maliyyə imkanları üzrə Azərbaycanla yarışmaq qabiliyyətində deyil. Əksinə, Qarabağ problemi beynəlxalq hüquq əsasında həll edilsə, yəni Ermənistan qoşunları Azərbaycanın hüquqi ərazisini tərk edərsə  İrəvan rahat nəfəs alar, diaspor təmsilçiləri maliyyə yatırmaqdan çəkinməz və qısa zaman ərzində böyük iqtisadi inkişaf əldə edər. Azərbaycanın hüquqi ərazisi daxilində Qarabağ da çiçəklənər, Qarabağ erməniləri 25 ildir ki, işğalçıların üzündən tərk etdikləri vətənlərinə dönərlər, Qarabağın azərbaycanlılar yaşayan kəndləri və şəhərləri ilə yanaşı, ermənilər yaşayan kəndləri və şəhərləri də çiçəklənər - Azərbaycan böyük neft və qaz gəlirlərinin hesabına. Paşiyanın ağlı olsa, bu barədə düşünər.