İran ABŞ-a Xəzərdən hücum edəcək

22 May, 2018 19:55 | Siyasət | Baxış sayı: 504
İran hərbi kateri
İran hərbi kateri

On yeddi il əvvəlki döyüşün geniş miqyaslı təkrarı

İranın mübahisəli saydığı “Araz-Alov-Şərq” yataqlarını Azərbacanla birgə işləməyə hazır olması barədə açıqlamasının  altında sanksiyaların yumşaldılması üçün Qərbə təzyiq niyyəti dayanır. 

İstiPress-ə bu barədə  Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiyanın "Vestnik Kavkaza" portalının məsələyə həsr etdiyi məqaləsini şərh edərkən bildirib.

Məqalədə İranın neft nazirliyinin Amerika, Avropa və Xəzəryanı ölkələr üzrə baş direktoru Hosseyn Esmaili Şahmirzədinin Azərbaycanla gözlənən yekun danışıqları barədə dedikləri şərh edilib. Şahmirzədi bildirmişdi ki, tərəflər Xəzər dənizindəki blokların birgə işlənməsi üzrə əməkdaşlıq üçün siyasi iradə göstərirlər. O, hər iki dövlətin birgə kəşfiyyat aparmaq üçün unikal imkanlara malik olduğunu bildirmişdi.

İlham Şaban iranlı direktorun söylədiklərində müəyyən həqiqətin olduğunu  bildirir: “Azərbaycanın Heydər Əliyev adına qazma qurğusu var ki, bu qurğu BP-nin sifarişi ilə Xəzərin çox yataqlarında kəşfiyyat quyuları qazıb. Xəzərdən kənarda da işləyib.  Məsələn, Aralıq dənizininin İsrailə aid hissəsində ABŞ şirkətinin sifarişi ilə bir quyu qazıb. Həmin qurğu səhmlərinin böyük hissəsi  COKAR-a məxsus “Caspian Drilling Company” şirkətinə aiddir”.

Azərbaycan “Araz-Alov-Şərq” yataqlarında kəşfiyyat işlərini hələ 2001-ci ildə aparmaq istəyirdi. Onda İran hərbi gəmiləri kəşfiyyt işləri aparan BP təmsilçilərini atəşə tutdu və ərazinin mübahisəli olduğunu bəyan etdi. O vaxt hətta bir azərbaycanlı matrosun həlak olması barədə də söhbətlər gəzirdi. 

Araz - Alov - Şərq blokunun yerləşməsi
Araz - Alov - Şərq blokunun yerləşməsi

Əslində isə  “Araz-Alov-Şərq”  bloku heç zamanı İranın ərazi sularına daxil olmayıb. 1940-cı ildə SSRİ ilə İran arasında bağlanmış müqaviləyə görə Xəzər göl kimi bölünüb, yəni SSRİ-nin Azərbaycandakı ən aşağı nöqtəsi Astara ilə Türkmənistandakı ən aşağı nöqtəsi düz xətlə birləşdirilib və o xətdən cənuba İran sayılıb. Həmin bölgüyə görə, Xəzərin təxminən 13 faizi İranın payına düşür.

SSRİ dağılandan sonra isə İran birdən birə 20 fazi paya iddia etdi, postsovet ölkələri isə bununla rayzılaşmadı və dünya praktikasında istifadə edilən orta xətt  prinsipinə əməl etməyi vacib gördü. Həmin prinsipə görə İranın payı ciddi dəyişmir. Amma Tehran isə öz çəkdiyi xəritələrlə Türkmənistanın və  Azərbaycanın bir sıra yataqlarına iddia edir. İran hətta "Araz-Alov-Şərq"  blokuna "Elbrus" adı da verib.

Düşünmək olar ki, İran blokun zəngin ehtiyatlarına göz tikib. Hər halda, ilkin qiymətləndirməyə görə, yataqda 7 milyard barrelə yaxın neft və 400 milyard kubmetr qaz var. Hər halda, Azərbaycanla bağlanan bərabər işləmə sazişi bu ehtiyatlardan istifadə etməyə şərait yaradır.

Lakin İlham Şaban bu cür ehtimallarla razılaşmır. Onun sözlərinə görə, ilkin olaraq yataqda kəşfiyyat quyusu qazılmalıdır: 

"Ora Xəzərin ən dərin bölgəsidir. Quyu suyun dərinliyinin 900 metrə çatdığı yerdə qazılmalıdır. Hasilat layları isə 7 min metr dərinlikdə yerləşir. Üç ölçülü geoloji kəşfiyyatdan və 3D sesmik modelləşdirmədən sonra ehtiyatların nə qədər ola biləcəyini demək olar. Bir kəşfiyyat quyusunun xərci 150 milyon dolları keçə bilər. Yəni bu işlər bir memorondum imzalamaqla bitmir".

Neft Araşdırmaları Mərkəzinin rəhbərinin fikrincə, əgər blokda rentabelli ehtiyatın olduğu təsdiqlənərsə, blokun istismarı üçün mütləq qərb şirkətlərinə müraciət edilməlidir: "Çox mürəkkəb strukturdur. Yəni qərb texnologiyası olmadan hasil etmək mümkün deyil. Qərb şirkətləri isə bir sıra başqa müqavilələrlə yanaşı, ərazinin hüquqi statusunun beynəlxalq qanunlar əsasında müəyyən edilməsini tələb edəcəklər ki, İranın 20 faiz pay məsələsi heç bir beynəlxalq hüquqa əsaslanmır.  Yəni qərb şirkətləri belə mübahisəli ərazilərdə biznes layihəsi gerçəkləşdirməzlər".

İlham Şabanın fikrincə, bütün bunları İran rəhbərliyi də bilir: "Sadəcə, İslam rejimi təmsilçiləri yaxşı diplomatdırlar. Bu məsələdən qərbə qarşı təzyiq vasitəsi kimi istifadə edəcəklər ki, sanksiyaları müəyyən qədər yumşaltsınlar. Yəni boş yerdən problem yaradırlar ki, sonradan onu həll etməklə başqalarının üzərinə öhdəlik qoysunlar".