Rusiyadan Ermənistana qəfil hücum

21 Noyabr, 2019 16:43 | Siyasət | Baxış sayı: 3058

Nikol Paşinyan ciddi müqavimətlə üzləşib

Erməni mətbuatı Moskvanın Ermənistanda hakimiyyəti dəyişməyi qərara aldığından yazır.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Qraparak” qəzeti yazır.

Qəzetin yazdığına görə, Kreml Paşinyana qarşı dəstəkləyəcəyi ana müxalifət partiyası kimi "Çiçəklənən Ermənistan" Partiyasını seçib. Qəzet partiya daxilindəki mənbəsinə istinadən bildirir ki, Rusiyadan "Çiçəklənən Ermənistan"ı başa salıblar ki, hazırda Rusiya Paşiyana qarşı güclü müxalifətin formalaşmasında maraqlıdır. Buna görə də "Çiçəklənən Ermənistan" təmsilçiləri iştirak etdikləri bütün dövlət tədbirlərində Paşinyanın rəhbərlik etdiyi hakim bloka qarşı həddindən sərt davranırlar. 

Moskva böyük ehtimalla Nikol Paşiyanın reytinqinin son bir ildə 4 dəfəyə qədər - 85%-dən 21%-ə düşməsini nəzərə alaraq artıq onu cəzalandırmağın vaxtıf çatdığını düşünür. Bu isə o deməkdir ki, Paşinyan hətta inzibati yolla vəzifədən uzaqlaşdırılsa belə, xalq onu dəstəkləməyəcək.

Ana müxalifət kimi "Çiçəklənən Ermənistan" Partiyasının seçilməsi də təsadüfi deyil. Partiyanın rəhbəri Qaqik Sarukyan əslən İrəvan ətrafındandır, varlı iş adamıdır, onun müəssislərində minlərlə adam işləyir. Yəni Qarabağ klanının birbaşa üzvü olmaması, Serj Sarkisyanın vaxtında loyal da olsa müxalifət  rolu oynaması yerli əhali arasında onu populyar edə bilər. Amma Qaqik Sarukyan həm də Robert Koçaryanın yaxın dostudur və buna görə Putin Rusiyasının da dostu sayıla bilər.

Paşinyanın reytinqinin düşməsi onun əsas düşmənini - Serj Sarkisyanı da fəallaşdırıb. “Lragir” Zaqrebdə onun Avropa  Xalq Partiyasının iclasındakı çıxışın hakimiyyətə qayıtmaq istədiyinin anonsu kimi dəyərləndirib.

Sarkisyan çıxışında Paşinyanın Ermənistanı fəlakətə sürükləməsindən danışıb və bunda özünün də günah payının olduğunu bildirib, yəni Paşiyanı hakimiyyətə gətirdiyi kimi, yola salacağını deyib. Əlqərəz, qarşıdan gələn aylar Ermənistanda ciddi qarşıdurma gözlənilir. Paşinyan üçün elə də asan olmayacaq.