Türk Şurasının Baş katibi Gəncəyə hücumları kəskin qınadı

21 Oktyabr, 2020 12:49 | Siyasət | Baxış sayı: 17
Bağdad Amreyev
Bağdad Amreyev

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Ermənistanın raket hücumuna məruz qalan Gəncəyə səfər edərək dağıntılar bölgəsində araşdırmalar aparıb.

İstiPress-in məlumatına görə, “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, o, jurnalistlərə açıqlamasında Gəncəyə hücumları kəskin şəkildə qınadıqlarını bildirib.

Dağlıq Qarabağdakı hadisələri yaxından izlədiklərini söyləyən Amreyev, “Türkdilli ölkələr, Türk dünyası və Türk Şurası Azərbaycanın işğal olunmuş ərazilərini xilas etmək hüququnu qeyd-şərtsiz dəstəkləyir. Bu müharibə qardaş Azərbaycan xalqı üçün vətən müharibəsidir. Dostumuz Azərbaycana sülh və qələbə diləyirik”, - deyə qeyd edib.

Amreyev problemin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü əsasında sülh yolu ilə həll olunmasını dəstəklədiklərini vurğulayıb.