Karen Şahnazarov: Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur... - VİDEO

21 Oktyabr, 2020 16:56 | Siyasət | Baxış sayı: 1289
Karen Şahnazarov
Karen Şahnazarov

“Artıq qəbul etmək lazımdır. Qarabağ uğrunda mübarizədə erməni rəhbərliyi Ermənistanı itirməmək barədə də düşünməlidir. Bu, kifayət qədər çətin vəziyyətdir”.

İstiPress-in Bu sözləri Rossiya-1 telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” verilişinin efirində erməni əsilli rusiyalı kinorejissor, Rusiyanın Xalq Artisti Karen Şahnazarov deyib.

Şahnazarov çıxışı zamanı Ermənistan rəhbərliyini reallığa uyğun addımlar atmamaqda, illuziyalara qapılmaqda və vəziyyəti düzgün qiymətləndirməməkdə günahlandırıb: "Ermənistan Azərbaycanın ərazi bütövlüyü məsələsini diqqətə almalıdır. Təəssüf ki, bütün bu baş verənlər Ermənistan rəhbərliyinin düşünülməmiş atılan addımlarının nəticəsidir. Vəziyyət elədir ki, istər-istəməz Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək və hər hansı bir status üçün imkan axtarmaq lazımdır. Hansı ki, erməni əhalisinin bu bölgədə təhlükəsizliyini, yaşayışını və mədəni inkişafını təmin eləsin. Başqa çıxış yolu yoxdur. Ermənistan cəmiyyətində hökm sürən bəzi illuziyalar var, məsələn “Biz İsrailik” illuziyası. İsraildə tamam başqa vəziyyətdir. Birincisi İsrail qat-qat güclüdür. İkincisi yəhudi diasporu erməni diasporundan qat-qat nüfuzludur".

Kinorejissor qeyd edib ki, Rusiyanın hazırkı münaqişəyə müdaxilə etməyə heç bir əsası yoxdur: “Qarabağı Abxaziya, Cənubi Osetiya və Donbassla müqayisə etmək olmaz. Onlar Rusiya ilə sərhəddirlər. Qarabağ Azərbaycan ərazisində yerləşir. Bundan əlavə sözügedən 2 rayon da Azərbaycana aiddir. Hər halda 7 rayon qaytarılsa Qarabağ nə edəcək?! Bu gün Rusiyanın bu məsələyə qarışması üçün heç bir real hüquqi imkanı yoxdur”.  

Vladimir Solovyov isə çıxışın bu hissəsinə müdaxilə edərək Şahnazarovun sözünə dəstək olub və bu məsələdə heç bir “soyqırım” təhlükəsinin olmadığını vurğulayıb. 

Şahnazarov Azərbaycan Prezidenti İlham Əliyevin münaqişə ilə bağlı çıxışlarına da diqqət çəkib: “Necə yanaşmanızdan asılı olmayaraq Azərbaycan Prezidenti çox qətiyyətli çıxış edir!  O, daim ermənilər və azərbaycanlıların birlikdə yaşayacağını deyir.

Situasiyanı qiymətləndirəndə onu reallığa uyğun qiymətləndirməlisiniz. Özünüzü aldatmaq lazım deyil. Aydındır ki, Qarabağın müstəqilliyinin heç kəs tanımayacaq”.