Ərdoğan Azərbaycan Prezidentinə məktub yazıb: "Can Azərbaycan..."

21 May, 2020 15:28 | Siyasət | Baxış sayı: 143
Ərdoğan
Ərdoğan

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

İstiPress-in məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaşım.

Can Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə millətim adından və şəxsən öz adımdan Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını ən səmimi duyğularımla təbrik edirəm.

Müstəqilliyinin bərpasından bəri gündən-günə daha da inkişaf edən Azərbaycanın qətiyyətli liderliyinizlə əldə etdiyi mühüm nailiyyətlərə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şuramızın sonuncu iclasında fəxrlə bir daha şahid oldum. İnamla və qüdrətli bir şəkildə Cümhuriyyət tarixinin 102-ci yaşına qədəm qoyan Odlar Yurdunun bütün sahələrdə böyük addımlar atmağa davam edəcəyinə ürəkdən inanıram.

Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram. Qəlbləri birlikdə döyünən ölkələrimizin indiyə qədər olduğu kimi, bundan sonra da milli məsələlərimizdə qardaşlıq həmrəyliyini davam etdirəcəklərinə, bölgəmizdə sülh, rifah və sabitliyə sanballı töhfələr verməyə davam edəcəklərinə inamım qətidir.

Fürsətdən istifadə edərək, bir daha Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzularımızı çatdırıram".