İlham Əliyev nazirliyi iki yerə böldü, dövlət komitəsini ləğv etdi

21 Aprel, 2018 09:15 | Siyasət | Baxış sayı: 292
 İlham Əliyev sərəncam imzalayıb
İlham Əliyev sərəncam imzalayıb

Prezident yeni agentliklər yaradıb

Prezident İlham Əliyev nazirliklərdən birini iki hissəyə böldü. İstiPress-in məlumatına görə, dövlət başçısı "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Sərəncamda Nazirlər Kabinetinə Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin əsasnamələrinin layihələrini, strukturları və işçilərinin say həddi barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan başqa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əsasında mərkəzi icra hakimiyyəti orqanı olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra – Dövlət Agentliyi),

Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Əqli Mülkiyyət Agentliyi) yaradılıb. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilmiş Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib.