Prezident Administrasiyasından Artur Rasi-zadə açıqlaması

21 Aprel, 2018 10:10 | Siyasət | Baxış sayı: 419
Artur Rəsi-zadə baş nazir
Artur Rəsi-zadə baş nazir

Baş nazir postundan gedir?

Prezident İlham Əliyev baş nazir Artur Rasi-zadəyə təşəkkür edib. Prezidentin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, prezident onun uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək baş nazirin ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.

Qeyd olunub ki, Artur Rasi-zadə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə də müstəqilliyimizin daha da möhkəmləndirilməsi və ölkəmizin böyük uğurlar qazanması istiqamətində səylərini əsirgəməyib. Prezident İlham Əliyev Artur Rasi-zadəyə Baş nazir vəzifəsində gördüyü işlərə görə təşəkkür edib. 

Artur Rasi-zadə fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirərək qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev kursunu uğurla davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə ölkəmiz sosial-iqtisadi sahənin bütün istiqamətlərində misli görünməmiş nailiyyətlər əldə edib və beynəlxalq aləmdə böyük nüfuz qazanıb.

Artur Rasi-zadə prezidentə xalqımızın rifahı və firavanlığı naminə gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Xatırladaq ki, bu gün Milli Məclisdə Azərbaycanın yeni baş nazirinin namizədliyinin müzakirəsi və təsdiqlənməsi gözlənilir. Konstitusiyaya əsasən Baş naziri Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə prezident təyin edir.