Azərbaycan tarixinin ən ağır hadisəsi - Qarakənd faciəsindən 28 il keçir

20 Noyabr, 2019 08:23 | Siyasət | Baxış sayı: 66
Qarakənd faciəsi
Qarakənd faciəsi

Ermənilərin vurduğu helikopterdə Azərbaycanın dövlət xadimləri, jurnalist və sülhməramlılar olub

Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. İyirmi səkkiz il bundan əvvəl - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Mİ-8 N72 hərbi heikopteri erməni silahlıları tərəfindən vurulub. 

Nəticədə helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

Dövlət katibi Tofiq İsmayılov,

Baş prokuror İsmət Qayıbov,

Dövlət müşaviri Məhəmməd Əsədov,

Baş nazirin müavini Zülfi Hacıyev,

Deputatlar Vaqif Cəfərov və Vəli Məmmədov,

Prezidentin İcra Aparatının şöbə müdiri Osman Mirzəyev,

Nazir müavini Qurban Namazəliyev,

DQMV prokuroru İqor Plavski,

DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov,

Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi Sergey İvanov,

fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin,

Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov,

Milis general-mayoru Mixail Lukaşov,

Polkovnik-leytenant Oleq Koçerev,

Dövlət katibinin köməkçisi Rafiq Məmmədov,

Telejurnalist Alı Mustafayev,

Azərbaycan Televiziyasının işıqçısı Arif Hüseynzadə,

Videooperator Fəxrəddin Şahbazov,

Vertolyot heyətinin komandiri Vyaçeslav Kotov,

heyət üzvləri Gennadi Domov, Dmitri Yarovenko.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gündən sonra onun vurulması faktı təsdiqlənib. Üstündən 28 il keçməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib. Məsələn, nə üçün bu qədər dövlət rəsmisi, eyni zamanda, bir helikopterə minib? Nə üçün döyüş zonasında mühafizə üçün onu hərbi helikopter müşayiət etməyib? Uçuşun dəqiq marşrutunu ermənilər haradan bilirdi?

Yeri gəlmişkən, həmin məlumata yalnız Qarabağda sovet silahlı qüvvələrinin komandanlığı malik idi. Helikopterin vurulduğu raketin mənbəyi də məlum deyil. Qarabağda o zaman ən çox istifadə edilən silah təyyarəvuran zenit raketləri və eyninövlü “Alazan” raketləri idi. İstilik raketlərindən istifadə edilmirdi. Aviaqəzalarda bütövlüyünü saxlayan və zədəsiz qalan qara qutudakı lentin “yanması”da qaranlıq məsələdir.

Bu terror aktı ilə erməni separatçıları özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər. Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Hazırda isə cinayət işi üzrə istintaq dayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmasıdır.