Azərbaycan Rusiya ilə sərhəddə əməliyyata başladı

20 Noyabr, 2019 12:45 | Siyasət | Baxış sayı: 234
"Sərhəd-sipər" əməliyyatı
"Sərhəd-sipər" əməliyyatı

Rayonlarda polis postları quraşdırıldı

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən şimal və şimal-şərq rayonlarında ənənəvi sərhəd-sipər əməliyyatı başlayıb. İstiPress-in Şimal bürosundan verilən məlumata görə, Qusar, Xaçmaz, Quba, Balakən, Zaqatala, Şəki, Qəbələ rayonlarında polis postları qoyulub.

Qusar şəhəri, sərhədyanı Şirvanovka və Həzrə kəndləri ərazisində, Xaçmazda sərhədyanı Yalama, Xanoba, Tel kəndləri ərazisində təşkil edilən polis postlarında əraziyə daxil olan nəqliyyat vasitələri yoxlanılır, hər hansı şübhəli şəxs vəya əşyanın olub olmaması araşdırılır.

Şərti sərhəd-sipər əməliyyatı Azərbaycan DİN-lə Rusiyanın DİN arasında qarşılıqlı razılaşmaya və mövcud sazişə əsasən keçirilir. Məqsəd iki qonşu ölkə arasında mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, banditizm, narkomafiya hallarına və digər hüquqa zidd hallara qarşı  birgə mübarizə aparmaqdır. Beynəlxalq axtarışda olan şəxslərin tutulub mübadilə yolu ilə bir birinə təhvil verilməsi, əhalidə olan qanunsuz saxlanılan silahların könüllü təhvil verilməsi də sipər əməliyyatının əsas məqsədlərindən biridir.

Sərhəd-sipər əməliyyatı qonşu Dağıstan Respublikasının Azərbaycanla həmsərhəd olan Axtı, Məhərrəmkənd, Doqquzpara rayonlarında da keçirilir. Əməliyyat noyabrın 24-dək davam edəcək.