BMT TŞ Dağlıq Qarabağa görə toplandı

20 Oktyabr, 2020 09:48 | Siyasət | Baxış sayı: 87
BMT-nin bayrağı
BMT-nin bayrağı

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

IstiPress "TASS"a istinadən xəbər verir ki, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağ üzrə keçirilən qapalı iclasın yekunları ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

“Hazırda icranı (atəşkəs rejiminin icrasını - red.) təmin etmək lazımdır, bu ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib. Əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir”, - deyə o bildirib.

“Əlbəttə, bu məsələ iclas vaxtı müzakirə edilib və Şura vahid mövqedən çıxıb edib”, - V.Nebenzya əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, regiona BMT-nin müşahidəçi missiyasının göndərilməsi üçün Təhlükəsizlik Şurasının xüsusi mandatı olmalıdır və bu, sürətli proses deyil: “Rusiyanın müdafiə nazirinin Ermənistan və Azərbaycandakı həmkarları ilə bu nəzarətin necə həyata keçirilə biləcəyini müzakirə etdiyi barədə məlumatlar olub”.

Diplomat istisna etməyib ki, müşahidə ATƏT-in missiyası tərəfindən də həyata keçirilə bilər: “Orada kimin hansı vəzifəni icra edəcəyi hələ də sual altında qalır və müzakirə edilir”.