Azərbaycanlı məmur Fransada hektarlarla torpaq alıb

20 Oktyabr, 2018 11:55 | Siyasət | Baxış sayı: 285
Rüfət Aslanlının Fransadakı sahəsi
Rüfət Aslanlının Fransadakı sahəsi

Rüfət Aslanlının üzümlükləri və müasir çaxır zavodu da var

Azərbaycanın dövlət məmuru Fransada hektarlarla torpaq alıb. İstiPress-in "virtualaz.org"-a istinadla verdiyi məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyəti aşkar edilib. 

R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb. Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda  olduğu üzümlükləri və müasir çaxır zavodu var.

Fransada istehsal edilən şərabların vahid reyestrində göstərilir ki, Rüfət Aslanlının çaxır zavodu "Maison d'Aslanli Bordeaux" markası altında "Cabernet Sauvignon", "Cabernet Franc" və "Merlot" şərabları buraxır. Özü də ekspertlər Rüfət Aslanlının nəfis şərablarını mütləq qızardılmış mal, maral və vəhşi quş əti ilə içməyi məsləhət görürlər.

Maraqlıdır ki, Rüfət Aslanlının şərabları açıq satışda yoxdur. Bu, onların yalnız çox yüksək qiymətə olduğuna dəlalət edir və bu səbəbdən də fərdi sifarişlər əsasında yayılır.

Bir müddət əvvəl R.Aslanlı ölkə rəhbərliyinin qərarı ilə tutduğu yüksək vəzifədən kənarlaşdırılıb. Virtualaz.org-un mənbələrinin məlumatına görə, hökumət maliyyə bazarlarının və ölkə bank sisteminin sabitliyi üçün məsuliyyət daşıyan Palata başçısının korrupsiya fəaliyyətinə şahidlik edən təkzibedilməz sübutlar əldə edib.