Dənizə düşən pilotun meyiti tapıldı YENİLƏNİB

20 Avqust, 2019 13:07 | Siyasət | Baxış sayı: 598
Rəşad Atakişiyev
Rəşad Atakişiyev

Sabah polkovnik-leytenant Rəşad Atakişiyevlə vida mərasimi olacaq

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi ilə yanaşı təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb. 

Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək.

Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Saat 12:47

İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin itkin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapılıb. Bu barədə pilotun qayınatası Qabil Hüseynli məlumat verib. 

Bu gün Rəşad Atakişiyevin nəşi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ekzpertizadan keçiriləcək. 

Sabah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində vida mərasimi təşkil olunacaq. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, MiQ-29 qırıcısı iyulun 24-də axşam saat 22.00 radələrində təlim-məşq uçuşları zamanı Xəzər akvatoriyası üzərində radarlardan itib. Təyyarə Azərbaycanın ərazi sularında qəzaya uğrayıb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yox idi.

Ötən gün qırıcının "qara qutu"su tapılmışdı.