Eldar Mahmudov məhkəməyə verildi

20 Aprel, 2018 18:30 | Siyasət | Baxış sayı: 316
Eldar Mahmudov - Keçmiş milli təhlükəsizlik naziri
Eldar Mahmudov - Keçmiş milli təhlükəsizlik naziri

Keçmiş MTN naziri, general-polkovnik Eldar Mahmudov və nazirliyin istintaq idarəsinin rəisi olmuş general Mövlam Şıxəliyev məhkəməyə verilib.

İstiPress-in məlumatına görə, “MTN işi” üzrə zərərçəkmiş kimi tanınan Mətləb Mustafayev E,Mahmudovla bağlı Yasamal rayon Məhkəməsinə müraciət edib. O, qanunsuz olaraq həbs edilməsinə görə nazir E.Mahmudovdan mənəvi təzminat kimi 100 min manat tələb edib. Onun şikayəti əsasında məhkəmə prosesi hakim Sərdar Mehrəliyevin sədrliyi ilə aprelin 24-də keçiriləcək.

M.Mustafayev general M.Şıxəliyevə qarşı iddiasna isə Səbail rayon Məhkəməsində baxılacaq. Onunla bağlı cinayət işinin istintaqının generalın rəhbərlik etdiyi idarənin apardığını əsas gətirərək M.Şıxəliyevdən təzminat kimi 63 min manat tələb edib. Bu iddia üzrə məhkəmə prosesi isə hakim Nurəddin Bağırovun sədrliyi ilə mayın 1-də keçiriləcək.

E.Mahmudov və M.Şıxəliyev yüksək dövlət postu tutduğu üçün Maliyyə Nazirliyi də hər iki prosesə cavabdeh şəxs kimi cəlb edilib.

Qeyd edək ki, Mətləb Mustafayev Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işləyib. MTN-nin keçirdiyi əməliyat nəticəsində qanunsuz olaraq silah saxlamaqda ittiham edilərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı polkovnik Malik Mustafayev MTN-də yüksək vəzifə tutub. Mətləb Mustafayevin həbsindən 2  gün sonra Malik Mustafayev özünü asaraq intihar edib. E.Mahmudov vəzifədən çıxarılandan və MTN generalları həbs ediləndən sonra Mətləb Mustafayev bəraət alaraq azadlığa çıxıb.