Qarabağda ABŞ – Rusiya müharibəsi

20 Mart, 2019 12:09 | Siyasət | Baxış sayı: 1001
Abxaziyada Rusiya hərbi bazası
Abxaziyada Rusiya hərbi bazası

Ermənistanın iki il qabaq İrana bağladığı ümidlər puç oldu

Ermənistanın yarım-hərbi “Sasna Tsrer” partiyası Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı imza toplamağa başlayıb.

İstiPress “Pravda” qəzetinə istinadən bildirir ki, bu barədə partiyanın nümayəndəsi Varujan Avetisyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Partiyanın lideri, livanlı erməni terrorçu, Azərbaycan torpaqlarının işğalında böyük rol oynamış Jirayr Sefilyan Dağlıq Qarabağın “abxaziyalaşmasının” qarşısını almaq üçün bu addımı attıqlarını bildirib.

"Abxaziya və ya Cənubi Osetiya bu gün hansı statusa malikdir? Belə təhlükə Qarabağın da üzərindədir", — deyə Sefilyan vurğulayıb.

Təbii ki, Jirayr Sefilyan bu addımı ilə digər erməni terrorçusu, general Samvel Babayana qarşı çıxır. Babayan Madrid prinsiplərindən imtina edərək bölgəni Rusiyaya təhvil verməyi təklif edirdi. 

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Bu baxımdan “Pravda” qəzetinin Sefilyanın ABŞ-a bağlı olmasının barədə yazması maraqlıdır. Rusiyanın bu ən böyük kommunist qəzeti vaxtaşırı Qarabağ münaqişəsinin  pərdəarxası təfərrüatlarından yazır. İki il qabaq “Pravda” qəzeti yazmışdı ki, Ermənistanın keçmiş xarici işlər nazir Edvard Nalbandyan iddia edib ki, 2017-ci ildə İran qondarma Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq və bu, regionda böyük təlatümə səbəb olacaq. Göründüyü kimi, artıq 2019-cu ildir və Edvard Nalbandayanın nəinki özü, hətta təmsil olunduğu siyasi partiya belə səhnədə yoxdur. İran XİN isə Paşiyanın Tehran səfərində əl atdığı təxribatlarla bağlı verdiyi bəyanatında Qarabağı Azərbaycan ərazisi saydığını bildirib.

Yəni erməni nazirin bu cür yağlı vədlərdə sadə insanları aldatdığı göz qabağındadır, yəni vəd verirlər ki, bir az da dözün Qarabağı Ermənistanı birləşdirək, bütün problemləriniz – işsizlik və yoxsulluq problemləri də həl olunacaq.

Təcrübə göstərir ki, münaqişə başlayandan bu yana keçən 30 il ərzində Ermənistan əhalisi 2,1 milyon azalaraq  1,6 milyona düşüb. Erməni liderlər ABŞ-ın və Rusiyanın adından bu cür vədlər verə-verə müharibədən qaça bilsələr, bir 30 ildən sonra Ermənistanda 0,8 milyon sakin qalacaq. Bunu NATO ekspertləri hesablayıblar və həmin insanların da daha çox ahıl yaşlılar olacağı vurğulanıb.

Yəni ermənilər Azərbaycan torpaqlarını əllərində saxlamaq üçün müxtəlif dövlətlərə güvənərək vaxt uzatmağa çalışmaqla özlərinə qarşı səssiz soyqırıma imza atacaqlar.