Qədim şəhərin hüznlü günü

20 Yanvar, 2020 19:18 | Siyasət | Baxış sayı: 147

20 Yanvar faciəsi Qubada xüsusi diqqətlə qeyd olunub

20 Yanvar faciəsinin 30-cu ildönümü Qarabağ hadisələrində 270 şəhid vermiş Qubada xüsusi diqqətlə qeyd olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, anım mərasimi rayonun Küçeyi kəndindən başlayıb. Quba İH başçısı, müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri Küçeyi kənd qəbristanlığında 20 Yanvar şəhidi Elçin Qeybullayevin məzarını ziyarət ediblər.

Quba İH başçısı Ziyəddin Əliyev Yanvar şəhidinin ailəsi və kənd camaatı ilə görüşüb, onlara başsağlığı verib. Sonra Quba şəhər qəbristanlığında digər Yanvar şəhidi Raqib Hüseynovun qəbri ziyarət edilib. Qubada Ümumxalq hüzn günündə Şəhidlər Xiyabanında böyük izdiham yaşanıb. Rayon rəsmiləri sakinlərlə birgə Şəhidlər Xiyabanındakı şəhid məzarlarını ziyarət edib, qəbirləri önünə tər güllər düzüblər.

Qeyd eləyək ki, 20 Yanvar hadisələrində 2 şəhid verən Qubada 3 sakin də əlil olub. Gün ərzində Qubada Şəhidlər Xiyabanını minlərlə insan ziyarət edib.

Ümumxalq hüzn günündə Qubanın Xaltan kənd camaatı nümunəvi aksiyaya imza atıblar. Quba-Qonaqkənd-Xaltan yolu buz bağladığından kənd sakinləri, müəllim və şagirdlər  və ərazi nümayəndəliyinin, yerli bələdiyyənin nümayəndələri Xaltan kənd qəbristanlığında dəfn edilmiş, 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuş Teymur Şahbazovun məzarını ziyarət ediblər. Bununla da dağlıq zonada yaşayan Xaltan camaatı 20 Yanvar şəhidlərinin və ümumiyyətlə, cəmi şəhidlərin xatirəsini anmış olublar.