Moskvanın Azərbaycanı itirdiyi gün

20 Yanvar, 2020 18:13 | Siyasət | Baxış sayı: 608

Pəncərələrə atəş açır, insanları öldürürdülər

“Həmin gün Moskva, əslində, Azərbaycanı itirdi” - Rusiyanın “Gazeta” portalı 20 yanvar faciəsi ilə bağlı dərc etdiyi məqaləni Britaniya jurnalisti Tomas de Vaalın bu sözldəri ilə başlayıb.

İstiPress-in məlumatına görə, məqalədə 30 il əvvəl baş verən hadisələrə daha obyektiv yanaşılmağa çalışılır.

“Bəzi ekspertlər əmindirlər ki, Bakıda Sovet Ordlusunun əsl məqsədi Xalq Cəbhəsinə qarşı mübarizə və Azərbaycan SSR Kommunist Partiyasına dəstək vermək olub, yəni xalqın təhlükəsizliyini qorumaq ordunu az maraqlandırırdı”,- deyə məqalə müəllifi öz sözləri ilə bildirir.

Məqalədə erməni müəllif Tatul Akopyanın da fikirləri yeri alır: “Moskva erməni talanlarını bəhanə edərək, hakimiyyətə gəlməyə çalışan Xalq Cəbhəsini məğlub etmək üçün Bakıya qoşun göndərdi. SSRİ Silahlı Qüvvələrinin hava-desant bölməsinin komandiri general Aleksandr Lebedin rəhbərlik etdiyi sovet qoşunları yanvarın 20-də Azərbaycan paytaxtına girdi. Əməliyyata SSRİ Müdafiə naziri Dmitri Yazov rəhbərlik edirdi. Bir neçə gündən sonra o etiraf etdi ki, qoşunlar "Xalq Cəbhəsi tərəfindən hakimiyyəti ələ keçirmək cəhdini qarşısını almaq üçün” Bakıya gətirilib”.

Rusiyalı hüquq müdafiəçisi Svetlana Qannuşkinanın da məqalədə dərc olunmuş fikirləri isə çılpaq etirafdır: "Əsgərlər sanki düşmən cəbhəsinə girişdilər: müdafiə etmək fikirləri yox idi, döyüşürdülər. Quldurlara yox, yerli əhaliyə divan tutdular. Onlar üçün fərqi yox idi. Əsgərlər pəncərələrə atəş açır, insanları öldürürdülər. Məşhur əhvalatdır: həmin gün toy etmiş cütlük pəncərəyə tərəf gedib və ikisi də öldürülüb ”.