Ermənilər əslində Ağdamın bu kəndlərini yandırır - VİDEO

19 Noyabr, 2020 10:26 | Siyasət | Baxış sayı: 103
Ağdamın yanan evləri
Ağdamın yanan evləri

Ermənistanın baş naziri arasında əldə edilmiş üçtərəfli razılaşmanın şərtinə əsasən işğal altındakı Ağdam rayonu noyabrın 20-də Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Bununla bağlı Ağdamın işğal edilmiş kəndlərində qanunsuz məskunlaşmış ermənilər, yəni mülki formalı işğalçılar oraları tərk etməyə başlayıblar. Əlbətdə, öz dəst-xətlərinə uyğun şəkildə, əllərini keçəni talayıb daşımaqla və apara bilmədiklərinə od vurub yandırmaqla...

Üçtərəfli razılaşmaya əsasən mülki işğalçılar həm də Ağdamın işğalından sonra qondarma rejim tərəfindən Ağdərə rayonunun tərkibinə qatılan 7 kəndi də boşaltmalıdır. Və həmin kəndlərdə qanunsuz məskunlaşanlara bu gün əraziləri tərk etmək barədə göstəriş gəlib. Bunlar Papravənd, Yuxarı Seysulan, Boyəhmədli, Əliağalı, Qızılkəngərli, Mollalar kəndləridir. Söhbət Ağdamın Ağdərə istiqamətində yerləşən axarlı-baxarlı, münbit torpaqlara malik və Xankəndi-Ağdərə yolunun üzərində yerləşən kəndlərindən gedir. Düşmən bu kəndlərdə və ümumiyyətlə Ağdam ərazisində qanunsuz məskunlaşmaya nisbətən gec, təxminən 2000-ci illərin ortalarından sonra başlamışdı.

Erməni KİV-ləri bildirir ki, həmin kəndlərdə İkinci Qarabağ müharibəsinə qədər qanunsuz yaşayaların sayı 2 minə yaxın olub. Müharibə başlayanda onlardan böyük əksəriyyəti Ermənistana və ya Dağlıq Qarabağın digər yaşayış məntəqələrinə qaçıb. Dünənə qədər kəndlərdə 350-400 nəfərə yaxın mülki işğalçı qalırdı. Və indi onlar zəbt etdikləri evləri tərk edib tələm tələsik gedirlər. Və Kəlbəcərdə olduğu kimi burada da zəbt etdikləri evlərə də gedərkən od vururlar.

Məsələn, Boyəhmədli kəndində (işğalçılar bu kəndin adını dəyişdirib "nor aykacur" adlı eybcər ad da qoymuşdular)  qanunsuz məskunlaşmış Armen adlı erməni deyir ki, onun kənddə mağazası vardı. İndi köçürüldüyü üçün həmin mağazanı yandırıb. Və daha sonra evə də od vuracaq, “türkərə” qalmasın deyə.

Armen Boyəhmədli kəndində 10 ilə yaxındır yaşayırmış və deyir ki, buranı tərk edib Xocavəndə gedəcək Daha sonra harada məskunlaşmaq barədə qərar verəcək.

Boyəhmədli kəndində heç vaxt erməni yaşamamışdı və Armenin, onun kimi digər “armenlərin” şəxsi mülkü, evi ola bilməzdi. O və digərləri 1993-cü ildə öz torpaqlarından didərgin düşməyə məcbur olmuş ağdamlıların mülklərini, ev-eşiklərini zəbt edib yaşayırdılar.

Düşmən Ağdamı işğal edəndə onu sürətlə talayıb yandırdı, nəticədə Ağdam bütün dünyada məşhur olan xəyalət şəhərə çevrildi. O cümlədən rayonun işğal altına düşən kəndlərinin də əksəriyyətini eyni aqibət gözləyirdi. Qalan bir neçə kənddə isə işğalçılar məskunlaşıb yaşamağa başladılar. Bu torpaqların əbədi onlarda qalacağı barədə illüziyalara inanaraq. İndi isə onlar rədd olub getməyə məcburdur, amma gedərkən də gəldikləri kimi davranırlar, talayıb daşıyırlar və yandırırlar. Bu baxımdan Boyəhmədlidən çıxıb rədd olan Armen  erməni barbarlığının dəyişməyən sifətidir.