Azərbaycan qəti Qarabağ qərarı verməyə məcburdur

19 Noyabr, 2018 19:11 | Siyasət | Baxış sayı: 792
Azərbaycan ordusu
Azərbaycan ordusu

Keçmiş xarici işlər naziri indiyə kimi gizli qalan mətləbləri açdı

Azərbaycanın indiyə kimi işğal haqqında qanun qəbul etməməsi Qarabağdakı işğal reciminin funksionerlərinin getdikcə daha artıq  quduzlaşmasına şərait yaradır.

İstiPress-in məlumatına görə, bu günlərdə Xocalı cəlladlardan biri, general Vitali Balasanyan Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərindəki seperatçı rejimlə hərbi-siyasi alyans bağlamağa çağırıb.

Amma beynəlxalq siyasətdən az-çox başı çıxan ermənilər bunun çox təhlükəli olduğunu bildiriblər. Məsələn, bir vaxt işğal reciminin xarici işlər naziri kimi təqdim edilən erməni politoloq Arman Melikyan "1in.am"a bildirib ki, bu,  beynəlxalq aləmdə yaxşı qəbul edilməz: “Xarici dünya üçün Qarabağın Ermənistandan asılılığını vurğulayan sənəd taktiki baxımdan yararlı ola bilməz”,- deyə Arman Melikyan vurğulayıb.

Təbii ki, buna, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərini ilhaqı demək olar və Azərbaycanın münaqişəni hərb yolu ilə həll etməsinə imkan yaradar. Çünki Ermənistan həmin sənədlə hüquqi müstəvidə Helsinki prinsiplərinə qarşı getmiş olar. Belə olan şəraitdə NATO üzvü Türkiyə və nüvə silahı sahibi Pakistan da müharibədə Azərbaycana açıq dəstək verə bilərlər, Ermənistanın strateci tərəfdaşı Rusiya isə rəhbərlik etdiyi KTMT-ni açıq şəkildə Ermənistanın müdafiəsinə cəlb edə bilməz.

Vitali Balansanyanın çıxışından belə görünür ki, işğal rejiminin təmsilçiləri özlərini çox rahat hiss edilər və hətta noyabrın birinci yarısında işğal rejiminin rəhbəri, Xocalı cəlladı Bako Saakyan Fransaya səfər edib və erməni təşkilatların təmsilçiləri ilə görüşüb. Təbib ki, bu Azərbaycanın Fransaya nota göndərilməsi ilə nəticələndi.

Amma bununla belə səfər göstərir ki, Bako Saakyan Donetskdə, Abxaziyadakı və Osetiyadakı bədnam həmkarlarından daha şanslıdır, çünki onlar MDB məkanından kənara çıxa bilmirlər. 

Tofiq Zülfüqarov - keçmiş Xarici İşlər naziri
Tofiq Zülfüqarov - keçmiş Xarici İşlər naziri

Əslində vəziyyətin belə alınmasında əsas səbəbkarlardan biri Azərbaycan parlamentidir. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq  Zülfüqarov bildirib ki, parlament işğal haqqında qanun qəbul etməklə bu problemi həll edə bilər. Yerli mətbuata müsahibə verən Zülüqarov deyib ki, Ukrayna və Gürcüstan belə qanun qəbul ediblər, buna görə də işğal recimi tərəfdaşları hərbi cinayətkar kimi İnterpol səviyyəsində axtarışa verilir: 

“Ancaq Milli Məclis lazımı qanunu qəbul etsəydi, Baş Prokurorluq müəyyən şəxslərə qarşı anti-konstitusion fəaliyyət faktı ilə cinayət işi açar, onları İnterpol xətti və MDB-nin mövcud beynəlxalq mexanizmi çərçivəsində beynəlxalq axtarışa verərdi. Əgər bundan sonra Bako Saakyan və digər şəxslər İnterpol və Fransa hökuməti tərəfindən bu ölkəyə səfərləri zamanı həbs edilməsəydi, o zaman Xarici İşlər Nazirliyinin qəzəbli bəyanatını yaymaq olardı. Soruşa bilərsiniz ki, bu, əvvəllər niyə edilməyib? Cavab verirəm: hər şey çox sadədir. Əvvəl ümid var idi ki, bu kateqoriyadan olan şəxslərlə danışıqlarda razılşmaq mümkün olacaq, ancaq indi o ümid də yoxdur. Üstəlik, artıq 20 ildir ki, Xankəndidən olan klounlar əvəzinə Minsk Qrupu çərçivəsində Azərbaycanla danışıqları Ermənistan rəhbəri aparır. Ona görə də Azərbaycan Respublikasınının Baş Prokurorluğu dərhal mövcud cinayət işini qaldırmalıdır ki, bu erməni sirkinin qastrolları kəsilsin”, - deyə Tofiq Zülfüqarov vurğulayıb.