Putin İrəvana hücuma gedir

19 Sentyabr, 2018 19:42 | Siyasət | Baxış sayı: 2040
Vladimir Putin hərbçilərlə
Vladimir Putin hərbçilərlə

Rusiya Ermənistanda vətəndaş müharibəsinin əsas oyunçusuna çevrilir

Vladimir Putin İrəvana bir həftə sonra edəcəyi səfəri çərçivəsində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanla da görüşəcək ki, bu, Ermənistanda vəziyyəti xeyli gərginləşdirəcək.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərc olunan “Joxovurd” qəzeti yazıb: “Əgər o, Ermənistana ona görə gəlir ki, onlarla görüşsün, yaxşı olar ki, bu səfər heç baş tutmasın. Çünki Robert Koçaryanın həbsindən sonra bu, erməni-rus münasibətlərinin məhək daşına çevrilə bilər”.

Erməni jurnalist Razmik Akopcanyan isə “ArmenianReport”da yazdığı məqaləsində daha kəskin ifadələr işlədib və bu səfərin Ermənistanda gərginlik yaradacağınaı bildirib: “Bu, gözlənilən addım idi. Putin müxtəlif ölkələrin liderlərinin “zəifliyini” yoxlamağın böyük həvəskarıdır.  Bu, çoxillik təcrübəsi olan peşəkar təxribatçıdır. İndi o, hücuma keçməyə qərar verib”.

Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır
Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır

Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində  əslində Ermənistanda vəziyyətin çoxdan qarşıdığını bildirib:

“Ermənistanda hərc-mərclikdir. Köhnə sistem tam dağıdılmayıb və yeni isə yarana bilmir. Nikol Paşiyanın komandasında peşəkarlar çatışmır və Putin bunu bilir. Ən azından bir neçə dəfə Paşinyanla görüşüb və kim olduğunu bilir. Buna görə köhnə prezidentlərlə görüşməyə qərar verib. Çünki Paşiyan danışıqlar üçün adekvat tərəfdaş deyil, onunla nəyisə danışıb anlaşmaq mümkün deyil. Bir şey olan kimi meydanlara qaçır və xalqdan yardım istəyir. Halbuki, indi o, kabinet sahibidir və orada oturub iş görməlidir. Amma iş görmək üçünsə komandası yoxdur. Buna görə də onun hakimiyyətinin ömrü elə də uzun görünmür”.

Tofiq Abbasovun fikrincə, Sarkisyan hakimiyyətdən getsə də Ermənistanda vəziyyətə təsir etmək imkanları çox yüksəkdir:

“Son araşdırmalar göstərir ki, onun reytinqi Paşiyanla müqayisədə yüksəkdir. Amma bununla belə, gələn il apreldə keçiriləcək parlament seçkilərində kimin qələbə çalacağını indidən demək olmaz. Ermənistanda seçkini saxtalaşdırmağı əla bacarırlar - çox illik təcrübələri var. Hakimiyyət kimin əlində olacaq, o da partiyasını parlamentə yerləşdirəcək. Nikol Paşiyan seçkiyə qədər özünə sadiq adamlardan komanda toplaya bilməsə, yəqin ki, hakimiyyətdə qala bilməyəcək. İndi onun komandasında qərbmeylli təsadüfi adamlar daha çoxdur”.

Yəni belə çıxır ki, seçkiyə qədər Ermənistandakı xaos daha da dərinləşəcək və Qarabağ klanı ilə indiki hakimiyyət arasında mübarizə vətəndaş müharibəsinə qədər yüksələcək. Təbii ki, belə şəraitdə Rusiya ənənəvi nökəri olan Qarabağ klanı təmsilçilərinin yanında yer alacaq. Çünki rus atalar sözünə görə, aşırımlarda mindiyin atı dəyişmək olmaz.