Ermənistanın iki cəbhədə məğlubiyyəti

19 İyun, 2017 12:59 | Siyasət | Baxış sayı: 949
Ermənistan ordusu Dağlıq Qarabağda
Ermənistan ordusu Dağlıq Qarabağda

Erməni tərəfi kapitan, mayor və polkovniklər də daxil olmaqla 30 hərbçinin ölümünü etiraf edir

“Münaqişə bölgəsində son hadisələr bu ilk növbədə Ermənistan hakimiyyəti üçün baş ağrısıdır”.

İstiPress-in məlumatına görə, bu barədə rusiyalı jurnalist Mixail Belyayevin  “Vestnik Kafkaza” portalında yazdığı məqalədə bildirilir.

“Keçən ilin aprel ayından başlayaraq Serj Sarkisyan hakimiyyəti üçün cəbhədəki məğlubiyyətləri öz ictimaiyyətinə izah etmək getdikcə çətinləşir. 2016-cı ilin aprel döyüşləri nəticəsində Ermənistanın Qarabağda bir sıra ərazilər və yüksəkliklər itirməsindən sonra Serj Sarkisyan müdafiə naziri Seyran Ohanyan daxil olmaqla ölkənin hərbi rəhbərliyinin əsas fiqurlarını istefaya göndərdi”.

Belyayevin fikrincə,  Seyran Ohanyanın yerinə təyin edilmiş Viqen Sarkisyan da ümidləri doğrultmayıb: “Viqen Sarkisyan hərbçi yox, inzibatçıdır, öz ordusunun sıralarında heç bir xarizmaya malik deyil”.

Məqalə müəllifi bildirir ki, erməni tərəfi kapitan, mayor və polkovniklər də daxil olmaqla ilin əvvəlindən 30 hərbçinin ölümünü etiraf edib: “Bundan əlavə, bu il Azərbaycan tərəfi dəfələrlə erməni müşahidə məntəqələrinin və hərbi texnikasının (RZK “Osa” da daxil olmaqla) məhv edilməsinin videoyazısını təqdim etdi, amma erməni tərəfi inadla heç bir itki olmadığını bildirdi”, - deyən Belyayev bu cəbhədə ermənilərin məğlubiyyətə uğradığını vurğulayıb.

Gümrüdəki rus hərbi bazasının əsgərləri
Gümrüdəki rus hərbi bazasının əsgərləri

Erməni müəllif Sarkis Arsruni isə “1in.am”da yazdığı məqaləsində Ermənistan ordusunun başqa cəbhədə - öz ölkəsində məğlubiyyətə uğramasından danışıb. Müəllifin yazdığına görə, Rusiya ordusu özünü Ermənistanda işğalçı kimi aparır:

“Rusiya hərbi bazası Ermənistanın Rusiya tərəfindən müstəmləkəyə çevrilməsinin rəmzi olmaqla yanaşı, sözün hər mənasında Gümrü üçün gərginlik ocağına çevrilib… Şirak vilayətinin kəndləri Rusiya özbaşınalığının, imperiya iddialarının qurbanı olublar”.

Ermənistanı bu vəziyyətə Azərbaycan torpaqlarının 20 faizin işğal etməsi salıb. Azərbaycanla müharibə vəziyyətində olan Ermənistan özünü qorumaq üçün Rusiyanı yardıma çağırıb. Ruslar isə ermənilərə gerçək layiq olduqları statusu - müstəmləkə statusunu bəxş ediblər. İndi ermənilər bu statusdan çıxmaq üçün Qarabağdan da çıxmalıdırlar. Əks halda, Azərbaycan onu Qarabağdan hərb yolu ilə çıxaracaq.

Çingiz RÜSTƏMOV / İstiPress