Kadırovun köməkçi Azərbaycan biznesmeninin qətlində ittiham edilir

19 May, 2018 15:54 | Siyasət | Baxış sayı: 129

Çeçenistan lideri Ramzan Kadırovun sabiq köməkçisi və Ukraynada keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev qətldə ittiham olunur.

İstiPress-in məlumatına görə, bu barədə “Rosbalt”a danışan mənbə onun azərbaycanlı biznesminin qətlini sifariş etdiyini yazıb.

Cambulat Madayevin cinayət işini aparan müstəntiqlərlə əməkdaşlıq edən mənbə nəşrə bildirib ki, Ramzan Tsitsulayevin təkcə biznesmen Əli Zəkriyevin oğurlanmasında rolu olmayıb, o həmçinin azərbaycanlı biznesmenin qətlini də sifariş veribmiş.

Madayev buna görə Tsitsulayevin ona 500 min dollar vəd etdiyini bildirib. Məbləğin 100 min dolları isə avans olaraq verilib. Sifarişi alan Madayev obyektlə bağlı araşdırmaya başlasa da, bir müddətdən sonra Tsitsulayev onu çağıraraq tapşırığı ləğv etdiyini deyib və avansı qaytarmasını istəyib.

Hadisələrin bundan sonra necə inkişaf etdiyi məlum deyil.

Mənbə həmçinin qeyd edib ki, hazırda müstəntiqlər bu məlumatın dəqiqliyini yoxlayırlar. Əgər deyilənlər təsdiqini tapsa, keçmiş köməkçiyə qarşı yeni ittihamlar irəli sürüləcək.

Xatırladaq ki, Tsitsulayev 2014-cü ildə iş adamı Əli Zəkriyevin oğurlanmasında ittiham olunur. Onun sifarişini Madayev və Ruslan Barkovski həyata keçiriblər. Onlar Əli Zəkriyevi qaçırıb və 100 milyon rubl tələb etməklə onu bir neçə gün mənzildə saxlayıblar. Barkovski Avstriyaya qaçmağa müvəffəq olub, rəsmi Vyana onu Rusiyaya verməkdən imtina edib.

Bundan başqa, Ramzan Tsitsulayev fırıldaqçılıq və daha iki cinayətin təşkilində günahlandırılır.

2015-ci ildə Tsitsulayev beynəlxalq axtarışa verilib. Bəzi məlumatlara görə, o, Çeçenistanda uzun müddət gizləndikdən sonra saxta sənədlə Ukraynaya qaçıb. /Virtualaz.org/