Ermənilərin Azərbaycanda öldürdüyü 1500 türkün gizli qalan toplu məzarı

18 Dekabr, 2017 18:30 | Siyasət | Baxış sayı: 546
Xaçmazın Pirquluoba kəndi ərazisindəki "şəhidlik"
Xaçmazın Pirquluoba kəndi ərazisindəki "şəhidlik"

Yerli İcra hakimiyyəti faktın üstünü niyə örtməyə çalışır?

Xaçmazın Pirquluoba kəndi ərazisindəki "şəhidlik" adlanan 3 hektar torpaq sahəsinə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri baş çəkib. Bu,"İstiPress"in 28 iyun 2017-ci il tarixli sayında verilmiş"Xaçmazda 100 illik tarix ortaya çıxdı" sərlövhəli yazıdan sonra baş verib və həmin yerə türk nnümayəndələr baxış keçirib.

Bu barədə İstiPress-in şimal bürosuna Xaçmazın Qoçaqlı kənd sakini İmaməddin Tahirov məlumat verib və türk səfirliyinin nümayəndələrinin şəhidlik yerində olarkən xəbərsiz olduğunu və onlarla görüşə bilmədiyinin deyib.

İstiPress olaraq xatırladaq ki, Pirquluoba kəndindəki 3 hektar ərazi sovet dövründən belə istifadəsiz və əkilməmiş qalıb. Buna səbəb yerli əhalinin həmin ərazini 1918-ci ildə ermənilərin Quba qəzasına hücumu zamanı azərbaycanlılara köməyə gələn, ermənilər tərəfindən öldürülən 1500 -ə yaxın türk hərbçisinin basdırıldığı müqəddəs məkan kimi tanıması və bu yerə xüsusi etiqad etməsidir.

İmaməddin Tahirov bildirir ki, sovet dövründə mərhum atası Tahir Tahirov ərazidəki Mirzə Davud Hüseynov sovxozunun direktoru olub və həmin boş sahəyə xüsusi nəzarət edib və burada türk əsgərlərinin dəfn olunduğunu həmişə təbliğ edib, ona payon partiya komitəsindən göstəriş gəlsə də boş qalmış yeri şumlayıb əkilməsinə qəti icazə verməyib. Onun sözlərinə görə, atası həmişə deyib ki, gəlin, partiya biletimi alın, amma həmin yeri əkmək olmaz, qoymayacağam. Həqiqətən, Tahir Tahirovun qadağası rayon partiya komitəsinə də təsir edib və bu ərazi nəinki əikilməyib, hətta Xaçmaz rayonunun inzibati xəritəsinə bu yer Şəhidlik adı ilə düşüb.

Qeyd edək ki, camaat bu yeri türk məzarlığı kimi tanısa da, cürət edib heç kim rəsmi qurumları məlumatlandırmayıb. 100 illik tarixin yatdığı bu 3 hektarlıq torpağın sükutunu ilk dəfə olaraq İstiPress pozaraq, Azərbaycan mediasında ilk dəfə bu mövzunu işıqlandırıb. Həmin məlumatı ilk olaraq Tahir Tahirovun oğlu İmaməddin Tahirov bioloq alim Dilşad Bayramova vasitəsilə saytımıza çatdırıb.

Çəkiliş qrupumuz həmin əraziyə bu ilin iyun ayında Azərbaycan Milli EA-nın Arxeologiya və Etnorqafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, Quba soyqırımı üzrə ekspedisiyanın rəhbəri olmuş Qəhrəman Ağsyevlə birgə getmişdi. Kol-kos basmış bu sahəyə baxış keçirən Qəhrəman Ağayev bu ərazidəki köhnə qəbirlərin müsəlman qəbirləri olduğunu deyərək məlumat vermişdi ki, bu sahədə arxeoloji qazıntı aparılmalıdır, ondan sonra dəqiq məlumat vermək olar.

Maraqlıdır, iyun syından sonra yerli icra hakimiyyəti bu barədə rəsmi olaraq hansısa quruma müraciət edibmi? Əlaqə saxladığımız Xaçmaz İH başçısının  birinci müavini Yetkin Mehmanovdan ilk olaraq Pirquluoba kəndindəki türk məzarlığı adlanan əraziyə Türkiyə səfirliyi əməkdaşlarının gəlib-gəlmədiyini soruşduq. Yetkin Mehmanov faktı təsdiqləyərək türk nümayəndələrinin bir müddət əvvəl həmin əraziyə gəlib baş çəkdiklərini bildirdi. Rəsmi müraciətə gəldikdə isə Xaçmaz icra hakimiyyətinin rəsmisi qurumun hələlik heç bir təşkilata müraciət etmədiklərini dedi. AmmaYetkin Mehmanov bu barədə aidiyyatı üzrə rəsmi müraciət edəcəklərini də söylədi.

Arxeoloq alim Qəhrəman Ağayev və bu məsələni ilk olaraq qaldıran Qoçaqlı kənd sakini İmaməddin Tahirov da hesab edirlər ki, bu ərazidə mütləq arxeoloji qazıntılar aparılmalıdır. Qəhrəman Ağayev məlumat verdi ki, əgər Xaçmaz icra hakimiyyəti Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət edərsə, biz böyük məmnuniyyətlə həmin ərazini geniş tədqiq edə bilərik.

Ümid edək ki, Xaçmaz icra hakimiyyəti 100 illik tarixi özündə əks etdirən bu ərazi barədə tezliklə aidiyyatı rəsmi qurumlara müraciət edəcək və gizli tarix aşkar şəkildə ortaya çıxacaq. Çox maraqlıdır ki,Türkiyə səfirliyinin təmsilçiləri gəlib bu ərazilə maraqlana bilir, amma Xaçmaz icra hakimiyyəti burdan bura bir rəsmi müraciəti edə bilmir? Axı, burada qardaş dediyimiz türklərin 1500 -ə yaxın günahsız hərbçisi uyuyur, erməni vəhşiliyinin əyani nümunəsini əks etdirən bu tarixi öyrənib bütün dünya ictimaiyyətinə , beynəlxalq təşkilatlara çatdırmağın vaxtı çoxdan çatıb. Yox, vaxtı çatmayıb, hətta çox-çox gecikmişik. Erməni olsaydı, bütün dünyaya car çəkərdi axı, soyqırıma məruz qaldığını iddia edərdi...

Aytəkin Alxaslı