Bakını 500 milyon izləyiciyə sevdirən televiziya yayımı

18 Dekabr, 2017 16:53 | Siyasət | Baxış sayı: 644
Telekanal
Telekanal

Buna görə bu il ölkəyə gələn turistlər 20 faiz artıb

Bakıda keçirilən “Formula-1” yarışı Azərbaycan paytaxtını 500 milyon teleizləyici auditoriyasına sevdirir. 

İstiPress-in məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimə qatılmış Azərbaycan prezidenti İlham Əliyev bildirib: 

"Bu il ikinci dəfə olaraq Bakıda “Formula-1” yarışı keçirilib. Ümumi rəyə görə, - bu, artıq xarici mətbuatda da qeyd olunub, - 20 yarışın arasında bu yarışlar ilin ən yaxşı yarışı hesab olunub. Yəni, bu da bizim böyük nailiyyətimizdir, böyük uğurumuzdur. Bir çox “Formula-1” yarışlarından fərqli olaraq bizim yarışımız şəhər yarışıdır və bu, eyni zamanda, bütün dünyaya - yarım milyardlıq tamaşaçı auditoriyasına Bakı şəhərinin gözəlliyini nümayiş etdirir. Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmizə gələn turistlərin sayı 24 faiz və 2017-ci ilin 11 ayında isə daha 20 faiz artmışdır. Əlbəttə, bunun səbəbləri təkcə “Formula-1” yarışı deyil, Azərbaycanda gedən inkişaf, sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, müasir infrastruktur, şəhərimizin gözəlliyi, müasir otellər, viza rejiminin sadələşdirilməsidir. Eyni zamanda, hesab edirəm ki, “Formula-1” ölkəmizin təbliğatı üçün nadir bir yarışdır. Yəni, beş yüz milyon tamaşaçı bu yarışı müntəzəm olaraq izləyir və bir daha demək istəyirəm ki, Bakının gözəlliyini, Azərbaycanın qüdrətini görür",- deyə ölkə başçısı vurğulayıb.

İlham Əliyev  Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə
İlham Əliyev Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə