Putin: "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" - VİDEO

18 Noyabr, 2020 10:05 | Siyasət | Baxış sayı: 62

"Beynəlxalq hüquqa görə Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub, KTMT qarışa bilməzdi, Ermənistana heç kim müdaxilə etməmişdi".

IstiPress-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 24" telekanalının efirində Qarabağa dair razılaşmadan danışarkən bildirib.

Rusiya prezidenti vurğulayıb ki,"Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi ölkə üçün intihar olardı".

Onun sözlərinə görə, hətta Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıb, bu o deməkdir ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa çalışıb.

"Heç kim, hətta Ermənistan da Qarabağın müstəqilliyini tanımayıb. Bu, beynəlxalq hüquq baxımından nə deməkdir? Azərbaycan özünün hesab etdiyi,  elə bütün dünya birliyinin də Azərbaycan ərazisi kimi tanıdığı torpaqlarını geri qaytarırdı. Bununla əlaqədar o, bu işdə ona məlum yardım göstərən istənilən müttəfiqi seçmək hüququna malik idi", - deyə Putin qeyd edib.

Putin vurğulayıb ki, Azərbaycan müstəqil suveren dövlətdir və "müttəfiqlərini lazım bildiyi kimi seçmək hüququna malikdir". "Kim buna görə ona etiraz edə bilər?", - deyə Rusiya Prezidenti əlavə edib.

V.Putin Qarabağ üzrə Türkiyə-Rusiya mərkəzindən də danışıb: "Bizim Yaxın Şərqdə qarşılıqlı təsir üzrə çox yaxşı təcrübəmiz var, həmçinin Suriyada, İdlib zonasında, Suriya və Türkiyə arasında sərhəddə birgə patrul xidməti, konvoylar təşkil edirik. Burada bu cür qarşılıqlı əlaqə tələb olunmur. Amma biz razılaşdıq ki, birgə mərkəz yaradacağıq, hansı ki, pilotsuz uçuş aparatlarından (PUA) istifadə edəcək, bu aparatların köməyi ilə ayrılma xətti boyunca vəziyyətə birlikdə nəzarət edəcək, informasiya alacaq, birlikdə təhlil edəcəyik.

Birgə monitorinq mərkəzi suveren Azərbaycanın ərazisində yerləşəcək. Azərbaycanın müstəqil qərar vermək hüququ var. Haranı məqsədəuyğun bilsə, orada yerləşdiriləcək".