Ərdoğan: "Əgər 120 saatda vədə əməl etməsələr..."

18 Oktyabr, 2019 16:41 | Siyasət | Baxış sayı: 169
"Barış pınarı"
"Barış pınarı"

Türkiyə "Barış pınarı"na yenidən başlaya biləcəyinin anonsunu verdi

"Dünən ABŞ ilə əldə etdiyimiz razılığın qısa məğzi belədir -  120 saatlıq müddət sona çatana kimi bizə verdikləri vədi yerinə yetirə bilsələr təhlükəsiz bölgə ilə bağlı məsələ həll ediləcək. Amma bu sözə əməl edilməzsə, 120 saatdan sonra "Barış pınarı" hərəkatı çox daha qətiyyətli şəkildə qaldığı yerdən davam edəcək".

Bunu Türkiyə prezidenti R.T.Ərdoğan ölkədə akkreditasiya olunan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. 

Prezident qeyd edib ki, müttəfiqlər bütün xəbərdarlıqlara baxmayaraq YPG ilə bağlı addım atmayıblar. "Barış pınarı"nın hazırlığı 3-4 ilə çatır. Hərəkatdan bir gecə öncə trampa zəng edib məlumat verdim. İlk 1-2 gün Türkiyənin belə uğurla irəliləyəcəyini düşünmədikləri üçün ciddi reaksiya vermədilər. Qısa müddətdə 30 km dərinliyə çatanda ABŞ və bəzi ölkələrin reaksiyası dəyişdi.

65 məskunlaşma yerini nəzarətə götürdük. 4 hərbçimiz, 74 Suriya Milli Ordusu nümayəndəsi həlak oldu. Zərərsizləşdirilən terrorçu sayı 750-yə çatdı. Terrorçuların raketli hücumu nəticəsində 20 mülki vətəndaşımızı şəhid verdik. Bunun məsuliyyəti isə YPG/PKK-nı dəstəkləyənlərdir". 

Ərdoğan "Barış pınarı"nın 2 məqsədi olduğunu bir daha xatırladıb -  birincisi, YPG-ni sərhəddən uzaqlaşdırmaq, ikincisi isə miqrantların geri dönüşünü təmin etməkdir. İndi Türkiyə təhlükəsiz bölgəyə 2 milyon suriyalının köçürülməsini gözləyir.

Türkiyəli lider ABŞ prezidentinin ona ünvanladığı təhdid dolu məktubdan da danışıb. Ərdoğan siyasi nəzakətdən kənar olan məktubu unutmadıqlarını deyib. "Amma qarşılıqlı sevgi və hörmətimizə görə bunları gündəmdə saxlamamaq lazımdır. Vaxtı, saatı gələndə bu məsələ ilə bağlı gərəkənin ediləcəyini də bilməyinizi istəyirəm".