"Ərdoğan çox yaxşı adamdır" - Tramp fikrini dəyişdi

18 Oktyabr, 2019 11:25 | Siyasət | Baxış sayı: 146
Tramp və Ərdoğan
Tramp və Ərdoğan

ABŞ lideri razılaşmadan sonra türkiyəli lideri dostu adlandırıb

Bir neçə gün öncə Türkiyəni sanksiyalarla hədələyən ABŞ lideri Donald Tramp fikrini dəyişib. Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təhdid dolu məktubu üzə çıxan Tramp ötən gün əldə edilən razılaşmadan sonra onu "son dərəcə yaxşı adam" adlandırıb. 

"Prezident Ərdoğana sadəcə təşəkkür etmək və təbrik etmək istəyirəm. O mənim dostumdur. Çox şadam ki, bizim problemimiz yaranmadı. Güclü, sərt adamdır". 

Ağ ev rəhbəri Türkiyə prezidentinin doğru addım atadığını deyib. "Biz bunu qiymətləndirirk və gələcəkdə də qiymətləndirəcəyik". 

Tramp bundan öncə "Twitter" də Türkiyə ilə bağlı məlumatlar paylaşmışdı. O, səhifəsində "Türkiyədən əla xəbərlər var. Milyonlarla həyat xilas ediləcək. Təşəkkürlər prezident Ərdoğan" yazıb. Bu tvitə Ərdoğan da cavab verib. "Terroru məğlub etdiyimizdə daha çox həyat xilas olacaq". 

Xatırladaq ki, ötən gün ABŞ və Türkiyə Suriyanın şimalında atəşkəsin əldə olunması məsələsində razılığa gəliblər. ABŞ-ın vitse-prezidenti Maykl Pens Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Pens qeyd edib ki, ilk mərhələdə "Barış pınarı" əməliyyatı 120 saatlığına dayandırılacaq. ABŞ YPG-nin təhlükəsiz bölgədən geri çəkilməsini təmin edəcək. Bu müddətdə YPG təhlükəsiz bölgədən geri çəkiləcək. Türkiyə və ABŞ İŞİD-in Suriyanın şimal-şərqində tamamilə aradan qaldırılması məsələsində razılığa gəliblər və İŞİD terrorçularının saxlanıldığı həbsxanalarla bağlı əlaqələndirilmiş şəkildə hərəkət edəcəklər.