Ermənistanın Merkelə bağladığı Qarabağ ümidləri puç oldu

18 Sentyabr, 2018 19:39 | Siyasət | Baxış sayı: 727
Bundesverin hərbi texnikası
Bundesverin hərbi texnikası

Qərbin ikili standartlardan geri çəkildiyi müşahidə edilir

Almaniya kansleri Angela Merkelin son çıxışı zamanı postsovet məkanının digər münaqişələri ilə eyni sırada Dağlıq Qarabağ münaqişəsinin də adını çəkməsi ikili standartlar dövrünün başa çatmasını göstərir.

İstiPress-ə bu barədə müsahibə verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, ümumiyyətlə yalnız Merkel deyil, bütün qərbin ikili standartlardan geri çəkildiyi görülməkdədir:  

“Bundan əvvəl Avropa Birliyinin parlamentində də, NATO sammitində də dəfələrlə vurğulanıb ki, postsovet məkanındakı münaqişələr ərazi bütbövlüyünün bərpası variantı ilə həll edilməlidir. Bu isə o deməkdir ki, münaqişə yaşayan postsovet ölkələrinin Sovet İttifaqından çıxan zaman mövcud olan, hazırda BMT tərəfindən tanınan sərhədləri bərpa edilməlidir”,- deyə Qabil Hüseynli vurğulayıb.

Politoloqun fikrincə, Avropa Birliyinin lokmotiv ölkəsi olan Almaniyanın lideri Angela Merkelin belə bəyanatla çıxış etməsi Azərbaycan üçün xüsusilə önəmlidir. Yəni Ermənistanın Qarabağı ilhaq etmək barədə Qərbə bağladığı bütün ümidlər puç olur.

Qeyd edək ki, Angela Merkel Litvada bundesver əsgərləri qarşısında çıxış edən Rusiyanın ünvanına kəskin çıxışlar edərək onu postsovet məkanında münaqişələr törətməkdə günahlandırıb: "Biz görürük ki, praktiki olaraq AB və NATO-ya daxil olmayan bütün keçmiş sovet respublikları Rusiya tərəfindən törədilmiş münaqişədən əziyyət çəkirlər", - deyə Merkel vurğulayır.

Onun sözlərinə görə, Rusiya bir sıra postsovet respublikalarında münaqişələr törədib və ərazilərini hissələrə bölüb: "Bu yaxınlarda Gürcüstanda oldum. Onun ərazisinin hissələrini – Cənubi Osetiya və Abxaziyanı qoparıblar. Moldaviyada Dnestryanı problemi var, Ukoraynada şərqi Ukrayna problemi. Ermənistan və Azərbaycanda biz Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzəyik. Bu ölkələrin hamısı öz ərazi bütövlüyünü bərpa etmək uğrunda mübarizə aparırlar", - deyə Angela Merkel bildirib.

Madrid prinsipləri -  ATƏT-in Minsk qrupunun ortaya atdığı variant 25 ildir ki, Qarabağı Ermənistanın işğalında saxlayır
Madrid prinsipləri - ATƏT-in Minsk qrupunun ortaya atdığı variant 25 ildir ki, Qarabağı Ermənistanın işğalında saxlayır

Düzdür, Merkel Azərbaycan ərazisinin Ermənistan ordusunun işğalı altında olduğunu açıq deməyib, onun sözündən belə çıxıb ki, Azərbaycan torpaqlarını Rusiya işğal edərək Ermənistana verib. Amma istənilən halda ilk dəfə qərb lideri Qarabağ münaqişəsinin digər post sovet münaqişələri ilə eyni həll varianatı ilə – ərazi bütövlüyünün bərpası yolu ilə həll edilməsinin vacib olduğunu bildirir. Halbuki, 1990-cı illərdə Qərb, xüsusilə də Klintonun prezidentliyi dövründə ABŞ demokratları SSRİ-nin dağıdılmasında xüsusi “xidmət” göstərmiş erməniləri mükafatlandırmağı və Qarabağı Azərbaycandan qoparıb ermənilərə verməyi düşünürdülər.

Boris Yeltsin o vaxt Klintonun dediyi hər şeyə əməl edirdi və Azərbaycan torpaqlarının Rusiya desantı tərəfindən işğal edilərək Ermənistan ordusunun nəzarətinə verilməsi də bununla bağla idi. Obamanın zamanında dövlət katibi olan Hillari Klintona hər gün Qarabağdan atəşkəs barədə raport verirdilər. ABŞ  demoktarları Azərbaycanı Dağlıq Qarabağda referendum keçirməyə məcbur etməyə çalışırdı ki, büna nail ola bilmədi. Buna görə Angela Merkelin Azərbaycanın da adını digər postsovet ölkələri ilə birlikdə çəkməsi önəmli inkişafdır.