Rusiya İrəvanı Azərbaycana qaytaracaq - Artyom Xaçatryan

18 Aprel, 2019 17:58 | Siyasət | Baxış sayı: 1226
Aprel döyüşlərində rus desantların Qarabağa gətirildiyi barədə məlumatlar vardı
Aprel döyüşlərində rus desantların Qarabağa gətirildiyi barədə məlumatlar vardı

Ermənistan dördüncü və sonuncu tarixi gerçəkliklə üz-üzə qalacaq

Ermənistanda Rusiya telekanlarının yayımının dayandırılması ölkəyə ciddi ərazi itkilərinə başa gələ bilər.

İstiPress-in məlumatına görə, bu sözləri milli tele-radio komissiyasının rəhbəri Tiqran Akopyan parlamentdə hakim partiyanın təmsilçisi Narine Tuxikyanın suallarını cavablandıran zaman bildirib.

Tuxikayan Ermənistan baş naziri Nikol Paşinyana və komandasına qarşı sərt tənqidi fikirlər bildirən bu kanalları bağlamağı tələb edib. Akopyan isə Rusiya ilə bu cür zarafatlar etməməyi, Ukrayna və Gürcüstanın nümunəsində bunun nə ilə bitəcəyini xatırladıb.

Erməni publisit Artyom Xaçatryan “Shame.am” portalında yazdığı məqaləsində Rusiyanın bu məsələ ilə bağlı Ermənistanı nə cür cəzalandıra biləcəyini vurğulayıb: ”Bir məsələ aydındır: Yeni Ermənistan Gürcüstanın yolu ilə gedir və bu Rusiya rəhbərliyini iyrəndirir, Ermənistan yalnız ərazilərini deyil, həm də mövcudluğunu itirəcək. Unutmayın, Ermənmistan Respulikasının kadastr şəhadənaməsində Birinci Aleksandrın (Rusiya imperiyasına 1813-cü ildə Qarabağı və indiki Azərbaycanın ərazilərini birləşdirib) və Birinci Nikolayın (1828-ci ildə Şərqi Ermənistanı Rusiya imperiyasına birləşdirib və erməniləri orada məskunlaşdırıb) adları var.  Ermənilər bu torpaqları türklərdən və iranlılardan özləri almayıblar, bu torpaqlar ruslar tərəfindən iki dəfə (1918-ci ildə və 1991-ci ildə) geri alınıb və bizə hədiyyə edilib. Əgər alan adam özünü pis apararsa, bəllidir ki, hədiyyə istənilən an geri qaytarıla bilər”,- deyə Artyom Xaçatryan vurğulayıb.

İrəvan şəhəri - 18-ci əsrin sonlarında
İrəvan şəhəri - 18-ci əsrin sonlarında

Müəllif burada Şərqi Ermənistan dedikdə Azərbaycanın İrəvan xanlığını nəzərdə tutur və məqalədə üç tarixi gerçəyi ermənilərin sifətinə çırpır. Birinci tarixi gerçəklik 1828-ci ilə kimi İrəvanda və Qarabağda ermənilərin sayınını sıfıra yaxın səviyyədə - çox az olmasıdır ki, bu barədə rəsmi mənbələr bu gün də yalanı gerçək kimi təqdim edirlər. Məsələn, rəsmi mənbələr iddia edir ki, guya 1828-ci ilə kimi İrəvan xanlığının 110 min əhalisinin 90 mini müsəlman, 20 mini erməni olub. Amma kameral təsvirlər ermənilərin sayının minlərlə deyil, yüzlərlə ölçüldüyünü göstərir. Məsələn 2 mindən çox evi olan Göyçə və Dərəçiçək mahallarında 1831-ci ildə cəmi 15 yerli erməni ailəsi yaşayıb. İrəvan şəhərində isə bir neçə yüz yerli xristian ailəsi yaşayıb ki, onların çoxu gürcü tacirlər olub. Ermənilər İrəvan xanlığın xristian azlığının əsasən gürcülərdən ibarət olması faktı barədə susurlar.

İrəvan xanlığı - XƏRİTƏ
İrəvan xanlığı - XƏRİTƏ

İkinnci və üçün tarixi gerçəklik isə əli yalın Azərbaycanın 1918-ci ildə və 1991-ci ildə modern silahlarla təchiz edilmiş erməni birləşmələrinə qələbə çalması faktıdır. 1915-ci ildə Rusiya imperiyası Birinci Dünya müharibəsinə 140 min erməni çağırdığı halda, cəmi 1500 azərbaycanlı çağırmışdı. 1917-ci ildə baş vermiş Oktyabr inqilabından sonra həmin silahlı ermənilər on minlərlə əsgərin yer aldığı birləşmələr şəklində İrəvanı, Bakını və Qarabağı nəzarətə götürdülər. Yalnız 1500 əsgərlə Gəncəyə girən Azərbaycan ordusu bir ilin içində könüllülərdən ibarət 40 minlik ordu qurdu və bütün əraziləri, o cüimlədən Bakını ermənilərdən geri aldı. 1920-ci ilin aprelində Azərbaycan ordusunun irəvanlı komandiri, general Həbib bəy Səlimov Naxçıvanı nəzarətə götürdükdən sonra doğulduğu  İrəvan şəhərinin işğaldan azad olunmasına hazırlaşırdı ki, Rusiya ordusu Azərbaycanı işğal etdi, yəni topraqlarımız bu dəfə də ermənilərin əlində qaldı. Eyni hadisələr 1980-ci illərin sonunda da təkrar olundu. 1987-cu ildə Rusiyanın ermənilərə 80 minlik ordu yaradaraq Azərbaycan torpaqlarına yerlişdirməsinə baxmayaraq, 1991-ci ildə yeni müstəqillik qazanmış Azərbaycanın ordusu əraziləri geri almağa başladı. Yenə Rusiya ordusu və müdafiə naziri Qraçov oyuna girdi - nəticədə,  Azərbaycan ərazisinin 14 faizini itirdi.

Amma Artyom Xaçatryan Rusiyaya qarşı baş qaldıran Ermənistanın bundan sonra başına gələcəklərini də proqnozlaşdırır. Onun fikrincə, bu minvalla davam etsə, Rusiya Azərbaycanla müharibədə Ermənistanı tək buraxacaq və Azərbaycan xalqı tarixi şücaətini bir daha təkrarlayacaq - ata yurdumuz İrəvan və Gümrü erməni işğalından birdəfəlik azad olunacaq.