İlham Əliyev koronavirusdan danışdı: "Bu, elə bəladır ki..."

18 Mart, 2020 14:42 | Siyasət | Baxış sayı: 279
İlham Əliyev
İlham Əliyev

Prezident dövlət və xalqın sınaqdan üzü ağ çıxacağına əmin olduğunu deyib

"Bütün dünya indi koronavirusdan əziyyət çəkir. Azərbaycan bu istiqamətdə önləyici tədbirlər görüb. Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər də geniş vüsət almayıb. Ancaq bu, elə bəladır ki, heç bir ölkə özünü tam sığortalanmış hesab edə bilməz. Hətta ən inkişaf etmiş ölkələrdə indi yaşanan böhran göz qabağındadır". Bunu Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı zamanı prezident İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, hər bir vətəndaş məsuliyyətli olmalıdır, öz şəxsi gigiyenasına fikir verməlidir. Eyni zamanda, ictimai işlərlə, ictimai nəqliyyatla məşğul olan qurumlar da bu işləri tam məsuliyyətlə görməlidirlər, tam dezinfeksiya aparılmalıdır ki, yoluxma hallarının sayı çox olmasın.

"Əlbəttə ki, hazırda bizim sərhədlərimiz bağlıdır. Ancaq yükdaşımalar üçün heç bir ölkə öz sərhədini bağlamayıb. Ona görə yükdaşımalar istiqamətində bizim işlər davam etdiriləcək. Əminəm ki, dövlətimiz və xalqımız bu sınaqdan da üzüağ çıxacaq".