Zakir Həsənov səfirə Qarabağdan danışdı - İrəvan danışıqları qəsdən yubadır

17 Sentyabr, 2019 13:45 | Siyasət | Baxış sayı: 84
Zakir Həsənov - Müdafiə naziri
Zakir Həsənov - Müdafiə naziri

Nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini deyib

"Ermənistanın işğalçılıq siyasəti davam edir". Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşündə deyib. Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylərinə baxmayaraq sülh danışıqlarının rəsmi İrəvan tərəfindən qəsdən yubadıldığını vurğulayıb.

Görüşdə iki ölkə arasında müdafiə sahəsində, o cümlədən terrorizmə qarşı mübarizə və sülhməramlı əməliyyatların keçirilməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Tərəflər ölkələrimiz arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu və bu imkanların genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən səfir Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
C.Şarp öz növbəsində Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ona hörmətlə yanaşdığını qeyd edib, ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, bunun Cənubi Qafqaz regionunun inkişafı və təhlükəsizliyinin təmin edilməsi baxımından vacibliyini bildirib.

Britaniyalı diplomat həmçinin regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizədə birgə səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb, Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəal iştirakına görə Azərbaycana minnətdarlığını bildirib.

Sonra britaniyalı diplomat ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi polkovnik-leytenant Entoni Bramveli Müdafiə nazirinə təqdim edib.