Qoşunların əməliyyat təyinatı rayonlarına yerdəyişməsi başladı VİDEO

17 Sentyabr, 2019 14:50 | Siyasət | Baxış sayı: 188
Təlim
Təlim

Cəbhə və ordu aviasiyası da ehtiyat aerodromlara köçürülür

Azərbaycan Ordusunun ötən gün başlayan genişmiqyaslı təlimləri davam edir. Təlimlərdə qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.

Xatırladaq ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.