"Keşikçidağda baş vermiş cinayətə görə..."

17 İyul, 2019 09:00 | Siyasət | Baxış sayı: 196
Keşikçidağ monastrı
Keşikçidağ monastrı

Xələf Xələfov sərhəçilərimizə hücumdan danışdı

"Keşikçidağda baş vermiş cinayətə görə Gürcüstan sərhədçiləri məsuliyyət daşıyır...".  Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanda bir qrup şəxs tərəfindən Azərbaycan sərhədçilərinə qarşı törədilmiş insidentlə bağlı açıqlamasında belə deyib. 

"Təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan Hökuməti ilə əlaqəsi yoxdur, lakin Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə bu təxribatçıların və cinayət ünsürlərinin Azərbaycan Respublikası ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar. Sözsüz ki, bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur. Bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar".

O, qeyd edib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. "Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, Gürcüstan və Azərbaycan komissiyalarının işində uzun fasilələr olub. Bu fasilələrə səbəb partnyorların tez-tez dəyişməsidir. Azərbaycan tərəfi komissiyaların iclaslarının davamlı və ardıcıl olması üçün səylər göstərib. Bu il mayın 23-24-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə növbəti 12-ci iclasda komissiyaların işçi qrupları səviyyəsində dövlət sərhəd xəttinin razılaşdırılmamış sahələrinə yerində baxış və müvafiq ölçmə işlərinin aparılması barədə razılıq əldə olunub və tərəfimizdən bu işlərin cari ilin avqust ayının ikinci yarısında həyata keçirilməsi təklif edilib. Həmin görüşün nəticələrinə görə, komissiyaların növbəti iclasının Gürcüstanda keçirilməsi nəzərdə tutulur".

Xatırlada qki, bir ne cə gün əvvəl bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar.