Qarabağda döyüşəcək yeni ölkələr

17 İyun, 2017 12:07 | Siyasət | Baxış sayı: 2879
Avropa tankları
Avropa tankları

Ermənistanda Azərbaycanla bağlı yeni həyəcan dalğası başlayıb

Azərbaycan və Avropa Birliyi öz aralarında strateji tərəfdaşlıq sazişi bağlamağa yaxınlaşması ermənipərəst qüvvələri ciddi narahat edir.

İstiPress-in məlumatına görə, Ermənistanda dərc olunan KİV-lər böyük ümidlə Rusiyanın məsələyə müdaxilə edərək bu işi dayandıracağından yazırlar. Məsələn, Ermənistanın “Tert.am” portalı məsələ ilə bağlı ukraynalı publisist Vitali Portnikova müraciət edib və bu sazişə mane olmağına yollarını öyrənib.

Ukraynalı publisist isə məsələyə Ermənistanın təcrübəsi prizmasından yanaşıb və 3 il öncə Ermənistanın Avropa Birliyi ilə strateji tərəfdaşlıq sazişindən imtina edərək  Moskvanın patronajı altında qurulan Avrasiya İttifaqını seçməsini xatırladıb.

“Ermənistan siyasi səhv buraxdı və Avropa Birliyi ilə sazişi imzalmadı. İndi Avropa Birliyi öz əməkdaşlıq spektrini genişləndirməkdə davam edir və Azərbaycanın növbəsi çatıb”,- deyən Portnikov Moskvanın Azərbaycana mane ola biləcəyini vurğulayıb.

Amma rəsmi Bakının atdığı addımlardan belə görünür ki, Azərbaycan bu yolda uğurla irəliləyir. Bu fikir avrokomissar Yohannes Xanın rəhbərliyi ilə bir neçə gün öncə Bakıya gəlmiş nümayəndə heyətinin keçirdiyi görüşlərdə də vurğulanır. Yohannes Xanın səfər zamanı təhlükəsizlik məsələsində əməkdaşlıqdan danışması erməniləri xüsusilə narahat edib. Bu səfərə xüsusi məqalə həsr edən erməni portalı “Lragir” Yohannes Xana öyrətməyə çalışıb ki, bəs Avropanın Azərbaycanla sərhədinin Qarabağda qoşunların təmas xəttindən keçir, yəni Avropa xristian səlibçisi kimi gəlib ermənilərə kömək eləməlidir ki, müsəlman düşmənlərini qırıb-töksün. Əlqərəz, ermənilərin başında hələ də 1000 il öncənin barbar döyüşçülərinin yelləri əsir. 

Amma burası da var ki, Avropa artıq səlib döyüşləri dövrünün Avropası deyil, bu məkanda artıq əhalisinin böyük əksəriyyətini xristianların təşkil etdiyi Londona müsəlman mer seçmək kimi dəyərlər formalaşıb - ermənilər üçün nə qədər arzu edilən olmasa da…

2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər
2 aprel 2016-cı ildə Azərbaycan ordusunun Ermənistan işğalından azad etdiyi ərazilər

Artıq Avropada ermənilərin cavabını verməyə başlayıb. Bu istiqamətdə ilk addımı 2016-cı ildə baş vermiş aprel döyüşlərindən sonra kömək üçün müraciət etmiş Ermənistan prezidenti Serj Sarkisyanı Berlin səfərindən məyus qaytarmış Angela Merkel atmışdı. Merkel görüşdən sonra keçirilmiş mətbuat konfransında açıq vurğulamışdı - münaqişənin həlli ərazi bütövlüyünün dəyişməzliyi prinsipi əsasında həyata keçirilməlidir.

İndi isə Avropa Birliyinin təmsilçiləri bu fikri daha da dərinləşdirirlər və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqların öz müqəddaratını müəyyən etmək prinsipindən danışmağın yersiz olduğunu vurğulayırlar. Bu fikri Almaniyanın Boxum universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Xaynse Rusiyanın “Vestnik Kavkaza” portalına müsahibəsi zamanı bildirib.

“Qarabağda yaşayan erməniləri heç cür ayrı xalq saymaq olmaz. Buna görə hansısa  öz müqəddaratını müəyyən etmək hüququqna istinad onlarla bağlı keçərli deyil”,- deyə Hans-Yoaxim Xaynse vurulayıb.

Onun sözlərinə görə, Qarabağ erməniləri Azərbaycan ərazilərinin sakinləri kimi öz öhdəliklərini yerinə yetirməlidirlər: “Şəksiz ki, hansısa muxtariyyət formasından danışmaq olar, çünki bu əhali qrupu müəyyən ərazidə yığcam yaşayır. Onların həm yerli inzibatçılığa və idarəetməyə, həmçinin Azərbaycanın siyasi həyatında iştiraka hüququ var”.

Alman alim Azərbaycanın neçə illərdir ki, təkrarladığı sözləri deyir. Atalar demişkən, haqq nazilər üzülməz. Əgər Azərbaycan kimlərinsə təzyiqi altında öz haqqından imtina etməzsə, gec-tez onu bütün dünya da qəbul edər.

Çingiz RÜSTƏMOV / İstiPress