Çin liderindən Əliyevə təbrik

17 Aprel, 2018 08:40 | Siyasət | Baxış sayı: 22
Si Cinpin və İlham Əliyev
Si Cinpin və İlham Əliyev

"Çin Azərbaycanın ərizəsini nəzərdən keçirəcək"

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyinizi eşidəndə çox sevindim. Sizə ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf bilirəm.

Çin ilə Azərbaycan əməkdaşlıq sahəsində ənənəvi dost tərəfdaşlardır. Diplomatik münasibətlər qurulduqdan sonra hər iki tərəfin siyasi etimadı daim möhkəmlənir, bütün sahələrdə praqmatik əməkdaşlıq dərinləşir, iki ölkənin münasibətləri davamlı inkişaf edir. Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. Bütün sahələrdə əməkdaşlığı Sizin ilə birlikdə xalqlarımızın rifahı naminə yeni səviyyəyə yüksəltmək istəyirəm.

Bu yaxınlarda Azərbaycan tərəfi Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi dövlət kimi üzv olmaq üçün ərizə verib. Çin tərəfi Azərbaycan tərəfinin ərizəsinə böyük əhəmiyyət verir və ŞƏT-in iştirakçısı olan digər ölkələrlə birlikdə onu vahid razılıq əsasında nəzərdən keçirəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyət, ali dövləti vəzifənizdə daim böyük uğurlar qazanmağı arzu edirəm.

Dövlətinizə tərəqqi, xalqınıza firavanlıq diləyirəm".