Azərbaycanlılar Almaniyada qaçqın düşərgəsindən təxliyə olundu

17 Mart, 2020 13:04 | Siyasət | Baxış sayı: 60
Almaniyada miqrant düşərgəsi
Almaniyada miqrant düşərgəsi

Düşərgənin 135 sakini karantinə alınıb

Almaniyanın paytaxtı Berlindəki qaçqın düşərgəsi koronavirus səbəbindən bağlanıb.

İstiPress-in məlumatına göğrə, ötən gün sığınacaq axtaranlardan biri koronavirus şübhəsi ilə xəstəxanaya aparılıb. Onun qan və tüpürcək analizinin nəticəsi pozitiv çıxıb. Berlin bələdiyyəsi və səhiyyə idarəsi düşərgənin dərhal bağlanması, sakinlərin isə, yaxınlıqdakı məktəb binasında karantin altında saxlanılması ilə bağlı qərar verib.

Ötən gecə düşərgənin 135 sakini polis və təcili tibbi yardım işçilərinin müşayiəti ilə yaxınlıqdakı məktəb binasının idman zalına köçürülüblər.

Aldığımız məlumatda bildirilir ki, təxliyə olunan sığınacaq axtaranların arasında 24 nəfər Azərbaycan vətəndaşı var. Eyni zamanda, düşərgədə 20 nəfər 60 yaşdan yuxarı, 15 nəfər isə, 5 yaşından kiçik uşaq qalırmış.

Berlin səhiyyə idarəsindən bildirilib ki, yaşlı insanların koronavirusa yoluxma ehtimalı daha çox olduğundan onlar paytaxtdakı xəstəxanalarda xüsusi müşahidə altında saxlanılacaqlar.

Məlumat üçün bildirək ki, bu Almaniyadakı qaçqın düşərgələrində ilk koronavirus faktıdır.

Bundan əvvəl Almaniya “Dublin sazişi” ilə bağlı Yunanıstan, İtaliya, Macarıstan kimi Avropa Birliyi ölkələrinə sığınacaq axtaranların deportasiyasını dayandırmış, eyni zamanda yeni sığınacaq axtaranları qəbul edən zamanı onları 14 günlük karantin altında saxlanılmaları ilə bağlı qərar vermişdi.