Qubanın heç zaman unutmadığı dəhşətli qırğın

17 Yanvar, 2020 17:58 | Siyasət | Baxış sayı: 162

Şimal rayonu 20 Yanvar faciəsini anıb

1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə Bakıda yaşanan dəhşətli qırğından 30 il ötsə də yaşatdığı dəhşət və insan itkiləri unudulmur. O dəhşətli gecəmin ağrı-acıları unudulmur.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün Bəşir Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzində keçirilən toplantıda da məhz o məşum gecənin dəhşətlərindən, qoyduğu dərin izlərdən danışılıb.

Məruzə ilə çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev 20 Yanvar faciəsinin Azərbaycan xalqına vurduğu sağalmaz yaralardan ətraflı danışıb. Bu qırğın zamanı mərhum prezident, Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevin xalqın yanında olmasından, faciəyə hüquqi qiymət verilməsində onun misilsiz xidmətlərindən danışan Ziyəddin Əliyev Yanvar qırğınında Qubanın 2 şəhid verdiyini, 3 sakininin yaralandığını qeyd edib.

Ümumilikdə, Qarabağ savaşında Qubanın 270 igid oğlunun şəhid olduğu diqqətə çatdırılıb. Quba rayon İH başçısı çıxışında dövlət səviyyəsində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında hər bir şəhid ailəsinə həssaslıqla yanaşıldığını, Quba şəhidlərinin də bu diqqətdən kənarda qalmadığını söyləyib.

Tədbirin bədii hissəsində isə tamaşaçılar B.Səfəroğlu adına Quba rayon mədəniyyət mərkəzinin nəzdində yeni yaradılmış "Könüllülər" xalq teatrının ifasında "Şəhidlər ölməz, Vətən bölünməz" adlanan ədəbi-bədii kompozisiyaya baxıblar. Kompozisiya seyrçiləri bir daha o məşum gecəyə aparıb.