ABŞ-dan Türkiyəyə təhdid

16 Avqust, 2018 11:40 | Siyasət | Baxış sayı: 355
Türkiyə və ABŞ bayrağı
Türkiyə və ABŞ bayrağı

"Trampın səbrini sınamayın"

ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyə ilə bağlı sərt bəyanat verib. O, "Twitter" səhifəsində bu barədə yazıb. İstiPress-in məlumatına görə, Pens rahib Bransonun azad edilməsi məsələsində Türkiyəyə Trampın səbrini daşdırmamağı məsləhət görüb. O, rahib Bransonun dərhal azadlığa buraxılmasını tələb edib.

"Türkiyənin səhvən ölkə xaricində həbs edilən amerikalının evinə qayıtması məsələsində Trampın səbrini sınamamağı yaxşıdır".

Siyasətçi bildirib ki, ABŞ prezidenti ölkə xaricində həbs edilən amerikalıların vətənlərinə qaytarılması fikrində qətidir. O, Endryu Bransonun günahsız olduğunu, onun evə, ailəsinin yaxınlarının yanına qayıdana qədər Trampla birlikdə bu məsələdə qətiyyət göstərmək niyyətində olduğunu qeyd edib. 

Xatırladaq ki, ötən gün Türkiyə məhkəməsi amerikalı rahib Endryu Branson haqqında qərarını verib. Vəkillərin onun ev dustağı edilməsi, eləcə də ölkədən çıxışına qadağanın aradan qaldırılması haqqında tələblərini rədd edib. 

20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib.

Rahibin həbsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bundan sonra türk lirəsi sürətlə dəyər itirməyə başlayıb və məzənnə 1 dollar üçün 4,6 lirədən 7 lirəyə kimi yüksəlib. Lakin prezident Rəcəb Tayyib Ərdoğanın xalqa əllərində olan valyutanı lirəyə dəyişmək barədə çağırışndan sonra bahalaşma nisbətən dayanıb.