Şəhid İlqar Mirzəyevin xatirəsi Gürcüstanda anılıb

16 İyul, 2020 13:34 | Siyasət | Baxış sayı: 67

Tovuz istiqamətində şəhid olan polkovnik İlqar Mirzəyevin xatirəsi doğulduğu Gürcüstanın Qardabani rayonunun Tbilitskaro (İstisu) kəndində anılıb.

İstiPress-in məlumatına görə, kənddə şəhidin ruhuna ehsan süfrəsi təşkil olunub.

Kənd sakinlərinin təşəbbüsü ilə keçirilən mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov da iştirak ediblər. 

Səfir şəhidin yaxınlarına başsağlığı verib, onlara səbr diləyib. O deyib ki, Ermənistanın təcavüzü və hərbi təxribatları nəticəsində şəhid olan hərbi qulluqçular ölməzlik qazanıblar və onların əziz xatirələri azərbaycanlıların yaddaşında daima yaşayacaq.

Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub.